BSU-da “Şuşanın görkəmli musiqi xadimləri” adlı bədii sərginin açılışı olub (FOTO)

Aprelin 28-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
elan edilmiş “Şuşa ili” çərçivəsində Bakı Slavyan Universiteti
(BSU) və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil olunan Xalq
rəssamı, professor Arif Hüseynovun əsərlərindən ibarət “Şuşanın
görkəmli musiqi xadimləri” adlı sərginin ilk nümayişi olub.
Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət, elm və incəsənət
xadimləri, millət vəkilləri, ziyalılar, universitetin rəhbərliyi,
professor-müəllim heyəti və tələbələri, media nümayəndələri iştirak
ediblər.

Tədbirin moderatoru BSU-nun Jurnalistika kafedrasının professoru
Etibar Babayev sərginin tərbiyəvi əhəmiyyətindən danışıb. O, Xalq
rəssamı Arif Hüseynovun yaradıcılığında Qarabağ mövzusunun önəmli
yer tutduğunu diqqətə çatdırıb. Rəssamın “Şuşanın görkəmli musiqi
xadimləri” bədii sərgisində nümayiş olunan 15 əsəri BSU- ya xatirə
hədiyyəsi olaraq təqdim edəcəyini qeyd edib.

Tədbirdə çıxış edən BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə
doktoru Anar Nağıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun 44 günlük
Vətən müharibəsində qazandığı tarixi qələbənin hər birimiz üçün
böyük qürur və iftixar mənbəyi olduğunu bildirib. Rektor qeyd edib
ki, BSU-da Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan
edilmiş “Şuşa ili” çərçivəsində təşkil olunan müxtəlif səpkili
tədbirlər sırasında “Şuşanın görkəmli musiqi xadimləri” sərgisi
xüsusi yer tutur. Rektor gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi
məqsədi daşıyan bu sərginin BSU-da digər rəssamların əsərlərindən
ibarət sərgilərin keçirilməsi ənənəsinin təməlini qoyacağını
vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva çıxışında Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin yürütdüyü doğru siyasəti
nəticəsində Azərbaycanın gücləndiyini və torpaqlarımızın işğaldan
azad edildiyini qeyd edib. Qazanılmış bu möhtəşəm zəfər üçün öz
töhfələrini verənlər sırasında Xalq rəssamı Arif Hüseynovun da
xüsusi rolu olduğunu bildirib.

Millət vəkili Tahir Rzayev Xalq rəssamı Arif Hüseynovun
milli-mənəvi dəyərləri əks etdirən rəsm əsərlərinin Azərbaycanın
dünyaya tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.

Millət vəkili Ceyhun Məmmədov qələbənin möhkəmləndirilməsi üçün
vətənpərvərlik ruhunun daimi olaraq gənclərə aşılanması baxımından
belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətindən söz
açıb.

Azərbaycan Rəssamlıq Akademiyasının professoru, xalq rəssamı
Sirus Mirzəzadə rəssamın yaradıcılığı ilə bağlı öz təəsüratlarını
bölüşüb.

Xalq şairi Nurəddin Mehdixanlı çıxışında təhsil və mədəniyyətin
vacibliyindən söz açıb. O, 40 ildən artıq dəzgah və qrafika
sahəsində fəaliyyət göstərən Xalq rəssamı Arif Hüseynovun miniatür
sənətinə yeni biçim, yeni ölçü gətirən rəssamlardan biri olduğunu
deyib.

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə
çoxşaxəli yaradıcılığa malik olan Arif Hüseynovun əsərlərinin məhz
ali təhsil ocağında nümayiş etdirilməsinin təqdirəlayiq hal
olduğunu vurğulayaraq, tələbələrin bu sərgi ilə yeni bilgilər əldə
edəcəyini dilə gətirib.

Bəstəkar Gövhər Həsənzadə rəssamın əsərlərində Azərbaycanın
kolorit, etnik, dinamik musiqi ruhunu daşıdığını diqqətə
çatdırıb.

Xalq şairi Vahid Əziz tədbirin ruhuna uyğun olan şeirlərindən
birini səsləndirib.

Xalq rəssamı Arif Hüseynov tədbirin təşkilinə görə universitet
rəhbərliyinə və qonaqlara təşəkkürünü bildirərək bu ənənənin davamı
olacağına inamını ifadə edib.

Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Teqlər: