Aprelin 22-də Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil
ocağının şəhid məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı
Nicat Şükürlünün xatirəsinə həsr olunan “Nicat yolu” adlı sənədli
filmin ilk nümayişi olub. Tədbirdə şəhidin ailə üzvləri, dostları,
döyüş yoldaşları, həmçinin qrup və sinif yoldaşları, 49 №-li
“İntellekt” məktəb-liseyinin müəllimləri, universitet heyəti və
media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru Anar Nağıyev Vətən müharibəsində şəhidlik zirvəsinə
ucalan bütün şəhidlərin, o cümlədən BSU-nun məzunu olmuş şəhidlərin
xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib. “Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın
azadlığını təmin etmiş şəhidləri bir daha yad edirik” deyə o, qeyd
edib. Rektor bu kimi tədbirlərin gənclərin vətənpərvər ruhda
yetişməsində əhəmiyyətindən danışıb. Anar Nağıyev Prezident İlham
Əliyevin Şuşada bu gün keçirilən Dünya Azərbaycanlılarının
Qurultayındakı çıxışına toxunaraq bu tarixi günün əhəmiyyətini
vurğulayıb.
Sonra sənədli filmin nümayişi başlayıb. Filmdə şəhidin ailə
üzvləri, orta məktəb və universitet müəllimləri, sinif və qrup
yoldaşları, yaxınları onun keçdiyi həyat yoluna işıq salıb,
xatirələrini bölüşüblər.
Filmin nümayişindən sonra çıxış edən “İki sahil” qəzetinin baş
redaktoru “Jurnalistika” kafedrasının müdiri, professor Vüqar
Rəhimzadə Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə
Azərbaycanın möhtəşəm tarix yazdığını, bu həmmüəlliflərdən birinin
Nicat Şükürlü olduğunu deyib. O, Vətən uğrunda canını fəda edən
insanların yalnız doğum tarixi olduğunu, ölümsüzlük qazandığını
qeyd edərək, Nicat Şükürlü və bütün şəhidlərin daim qəlblərdə
yaşacağını vurğulayıb.
Filmin ssenari müəllifi və rejissoru, BSU-nun “Jurnalistika”
kafedrasının dosenti Mübariz Əhmədov filmin hazırlanmasında
məqsədin Nicatın timsalında mərd, qoçaq, mübariz bir gəncin
portretini yaratmaq olduğunu bildirib. İkinci Qarabağ savaşı zamanı
şəhid olmuş BSU-nun 3 məzununun hər biri ilə bağlı film ərsəyə
gətiriləcəyini deyib.
Tədbirin sonunda çıxış edən şəhid Nicat Şükürlünün valideyinləri
dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və
qayğıdan söz açıblar.
Qeyd olunub ki, Nicat Şükürlü Prezident İlham Əliyevin müvafiq
sərəncamları ilə
“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,
“Füzulinin azad olunmasına görə”
medalları ilə təltif olunub.