BSU-da “Azərbaycanşünaslığın aktual problemləri” XIII Beynəlxalq elmi-praktik konfransı keçirilir (FOTO)

Mayın 4-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş
“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII
Beynəlxalq elmi-praktik konfrans başlayıb. Tədbirdə Nəsimi rayonu
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Çexiya Azərbaycan Elm və
Mədəniyyət Mərkəzinin sədri, iqtisad elmləri doktoru, professor
Azər Kərimov, BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru
Anar Nağıyev, universitetin professor-müəllim heyəti və
doktorantlar iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın
Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,
məzarı önünə əklil qoyublar.

Konfransın açılış mərasimində öncə Azərbaycan Rerpublikasının
dövlət himni səsləndirilib. Azərbaycanın müstəqilliyi,
torpaqlarımızın müdafiəsi yolunda, Vətən uğrunda canını fəda edən
bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru Anar Nağıyev Vətən müharibəsi zamanı qazanılmış
Zəfərin təməlinin İkinci Qarabağ savaşından xeyli öncə, ötən əsrin
90-cı illərindən Ümummilli lider Heydər Əliyevin müdrik inkişaf
strategiyası əsasında qurulduğunu bildirib. O, 2020-ci il noyabrın
8-də Şəhidlər xiyabanında tarixi Zəfər münasibətilə xalqa müraciət
edən Ali Baş Komandan İlham Əliyevin “Mən xoşbəxtəm ki, ata
vəsiyyətini yerinə yetirdim!” sözlərini xatırladaraq, Qarabağın,
Şuşanın və bütün işğal olunmuş torpaqlarımızın azad olunmasının ulu
öndər Heydər Əliyevin öz siyasi varisinə tarixi vəsiyyəti olduğunu
və bunun Prezident İlham Əliyev tərəfindən reallaşdırıldığını
vurğulayıb. Ümummilli liderin təhsil siyasətinin bu gün
islahatların zəruriliyinə önəmli diqqət yetirən Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran
rektor Anar Nağıyev müasir Azərbaycanda təhsilin müxtəlif pillələri
üzrə qanunvericilik bazasının formalaşdığını bildirib. O, Ümummilli
liderin ideyalarının daim yaşadığını, onun irəli sürdüyü
azərbaycançılıq məfkurəsinin dərindən öyrənildiyini, Ümummilli
liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bu
konfransın ənənəvi olaraq 13-cü dəfə keçirildiyini vurğulayıb.
Rektor bütün konfrans iştirakçılarına uğurlar arzulayıb.

Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu öndər
Heydər Əliyevin gərgin ictimai-siyasi dövrdə xalqın tələbi ilə
hakimiyyətə gəldiyini, Azərbaycana rəhbərlik etdiyi dövrdə onun
müdrik siyasəti nəticəsində xalqın özünüdərkində çox böyük rolu
olduğunu bildirib. Ümummilli liderin əsasını qoyduğu strategiyanın
davamı olaraq, bütün sahələrdə, həmçinin prioritet istiqamətlərdən
biri olan təhsil sahəsində aparılan islahatlara toxunub. Prezident
İlham Əliyev tərəfindən bu strategiyanın davam etdirildiyini nəzərə
çatdırıb. Asif Əsgərov ulu öndərin irəli sürdüyü azərbaycançılığın
təməlində xalqın sevgisinin durduğunu qeyd edib. Məhz bu səbəbdən
azərbaycançılıq mövzusuna, prinsipinə xüsusi diqqət yetirilməsinin
vacibliyini vurğulayıb. O, konfransın işinə uğurlar arzulayıb.

Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri, iqtisad
elmləri doktoru, professor Azər Kərimov, BSU-nun Elmi işlər üzrə
prorektoru, professor Rafiq Novruzov, “İki sahil” qəzetinin baş
redaktoru, BSU-nun “Jurnalistika” kafedrasının müdiri, professor
Vüqar Rəhimzadə, filologiya elmləri doktoru, professor Leyla
İmaməliyeva Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında misilsiz xidmətlərindən bəhs ediblər, bütün sahələrdə, o
cümlədən təhsil sahəsində ulu öndərin həyata keçirdiyi siyasətin
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
diqqətə çatdırıblar. BSU-da hər il keçirilən bu konfransın
Azərbaycan elm aləmində ənənəyə çevrildiyini vurğulayaraq, qoyulan
hər bir mövzunun arxasında yeni baxış və yeni nəzəriyyə dayandığını
qeyd ediblər.

Konfransa onlayn olaraq qoşulan Tambov Dövlət Texniki
Universitetinin dosenti, filologiya elmləri namizədi Nemtsova
Nadejda Mixaylovna Azərbaycana, o cümlədən BSU-nun
professor-müəllim heyəti və tələbələrinə salamlarını çatdırıb. O,
bu əhəmiyyətli konfransda iştirakından məmmnunluğunu ifadə
edib.

Konfransa AMEA-nın nəzdində fəaliyyət göstərən insititular,
müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna
universitetlərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.

Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu
Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “”Qarabağ
Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və
ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və
mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və
filologiya məsələləri” və digər mövzularında məruzələri
dinləniləcək. Konfrans mayın 5-də yekunlaşacaq.

Teqlər: