BSU-da 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Mayın 27-də Bakı Slavyan Universitetində (BSU) 28 May –
Müstəqillik Gününə həsr olunmuş “Tariximizin şanlı səhifəsi” adlı
tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi,
professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak
ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından
keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar
Nağıyev tədbiri açaraq, ölkəmizin, xalqımızın, tariximizin bu gözəl
günü münasibətilə bütün kollektivi təbrik edib. O, dünən Prezident
İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərindən söz
açaraq, həmin səfərdən paylaşılan videogörüntülərdən danışıb. Anar
Nağıyev bildirib ki, bu görüntülər öz-özlüyündə çoxlu müsajlar
verirdi. Rektor bildirib ki, bu görüntülər bir xalqın tarixi boyu
keçdiyi keşməkeşlərin sonunda öz kimliyini, identikliyini,
varlığını, dövlətçiliyini qorumaq cəhdi və bu cəhdin uğur hekayəsi
idi. “Orada, eyni zamanda, Azərbaycanın rəhbərinin öz tarixinə,
dövlətçiliyinə sədaqəti ifadə olunurdu. Eyni zamanda, bütün bu
tarixin, yüz illərin keşməkeşində Azərbaycanın, yüksələn xətt üzrə
dövlətimizin ənənələrinin qorunması və yaşadılması üçün canından
keçmiş bütün insanların hər biri sanki anılırdı. Xalq olaraq və
Azərbaycan dövləti olaraq, böyük, şərəfli tarixə malik olan
azərbaycanlılar tarixin fərqli dönəmlərində fərqli şəkilləırdə
tarixin yaratdığı çətinliklərdən keçmək məcburiyyəıtində olmuşlar.
Elə bir dövlət yoxdur ki, onlar bu çətinliklərlə üz-üzə
olmasın.1918-ci ildə dünyada baş vermiş fərqli bir situasiyada, I
Dünya müharibəsi dövründə və böyük bir imperiyanın çökməsi
nəticəsində Azərbaycan Respublikası tarix səhnəsində öz yerini yeni
bir formatda nümayiş etdirdi. 1918-ci ildə formalaşmış bu
cümhuriyyət özünün qısa tarixində həm bizim üçün, həm də bütövlükdə
siyasi tarix üçün fərqli nümunələr, yeni nümunələr yaratmış oldu.
Bu mücadilə respublikanın bütün ərazisinin təntənəsi idi” – deyə o,
diqqətə çatdırıb.

Azərbaycanın hər zaman öz milli kimliyini qoruyub
saxlaya bildiyini qeyd edən Anar Nağıyev deyib ki, müstəqillik
dövründə biz bir daha cümhuriyyətimizin varisinə çevrildik, biz bir
daha müstəqil, yeni Azərbaycan qurmaqdayıq. Rektor gənclərin bu
günkü yeni geosiyasi reallıqlar, siyasi-tarixi situasiyada qalib,
müzəffər, inkişaf edən bir ölkənin vətəndaşı olmağın
məsuliyyətinin, yaratdığı vəzifələrin olduğunu dərk etdiklərinə
inandığını deyib. Xalqımızın tarixi, şərəfli günlərini bütöv,
torpaqlarını işğaldan azad etmiş, dünya ölkələrinə yeni bir
Azərbaycanı nümayiş etdirən, Azərbaycan səmalarında azərbaycanlı
şahinlərlə yanaşı türk şahinlərinin olduğu, regionda və dünyada
Azərbaycan və Türkiyə qardaşlığının rəmzi olan tədbirlərin
keçirildiyi bir ərəfədə həm regionda yeni geosiyasi reallıqların
yarandığı, həm də bu reallıqların yaranmasında Azərbaycanın aktiv
payı olduğunu qeyd edib. Anar Nağıyev bu əlamətdar gün münasibətilə
bir daha tədbir iştirakçılarına öz təbriklərini
çatdırıb.

Jurnalistika kafedrasının müəllimi, professor Etibar Babayev
çıxışında bu günün tarixi əhəmiyyətini vurğulayaraq,
Azərbaycançılıq məfkurəsi haqqında danışıb. O, çıxışında ölkəmizin
müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider
Heydər Əliyevin müstəsna xidmətlərini xüsusilə vurğulayıb. Ulu
Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini və müasir dünyada Azərbaycanın dünyada güclənmiş
mövqeyindən, hərtərəfli inkişaf strategiyası olan müstəqil xarici
siyasət yürüdən ölkə kimi tanındığını bildirib.

Sonra Etibar Babayevin müəllifi olduğu “Biz Azərbaycanlıyıq ”
adlı film nümayiş olunub.

Diplomatiya və xarici siyasət kafedrasının dosenti Əsgər Əhməd
Xalq Cümhuriyyətinin Azərbaycan tarixində oynadığı rol və tarixi
əhəmiyyəti haqqında, həmin dövrün tarixi-siyasi şəraiti barədə
məlumat verib. Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan
Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq, qısa müddət
ərzində əldə olunan nailiyyətlər və dövlət quruculuğu prosesində
həyata keçirilən tədbirlər barəsində danışıb.

Tədbirdə Humanitar və sosial elmlər fakültəsinin BM-201-ci
qrupunun tələbəsi Hüseynov Eşqin “Azərbaycan Xalq Cümhuriyyəti
Şərqdə ilk demokratik və milli dövlət kimi”, Magistratura şöbəsinin
MA-110 qrupunun tələbəsi Rəsulzadə Nigar “28 may – Müstəqillik
günüdür” mövzularında məruzə ilə çıxış ediblər. Həmçinin Filologiya
fakültəsinin AM-405-ci qrupunun tələbəsi Sadəgül Baloğlanova və
Tərcümə fakültəsinin 101-ci qrupunun tələbəsi Səkinəxanım
Niftullayeva vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Sonda tələbələrin hazırladığı musiqili kompozisiya təqdim
olunub.

Teqlər: