Brüsseldəki görüş göstərdi ki, Prezident İlham Əliyevin siyasəti yeganə düzgün siyasət oldu və konkret nəticə verdi – İqor Korotçenko

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr
olunan müşavirə keçirilib.

Müşavirədə çıxış edən dövlət başçısı qeyd edib ki, Azərbaycan
beynəlxalq təşkilatlarla təmasları, fəal əməkdaşlığını davam
etdirib və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni
reallıqları qəbul etmişlər.

“Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha
intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə
dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının
Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel
aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında
məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq
istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan
ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı
yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və
“münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur.
Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və
son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu
məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə
arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət
təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət
yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar
verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə
olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım
ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi
bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından
əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, – bu, aprel
görüşündə təsdiqləndi, – bu məsələlər bu 5 prinsipin tərkib
hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli
əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki,
həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi
qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və
Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın
tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də
olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk”, – Prezident İlham
Əliyev deyib.

Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş
redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko Trend-ə bildirib ki,
Brüsseldə baş tutmuş görüş Azərbaycan Prezidenti İlham Əliyevin
yürütdüyü ardıcıl siyasət yekunda nəinki doğru, hətta yeganə düzgün
siyasət oldu və konkret nəticə verdi.

“Regionda sülh, təhlükəsizlik və konstruktiv əməkdaşlıq üçün
əngəl dinc tənzimləmə üzrə bütün razılaşmaların icrasını hər yolla
pozan rəsmi İrəvanın mövqeyi idi. Aydındır ki, bu gün Nikol
Paşinyan elə bir vəziyyətdədir ki, Azərbaycan diplomatiyasının
uğurları bundan sonrakı bütün əngəlləri mənasızlaşdırır. Ümid edək
ki, İrəvan Ermənistan müxalifətinin sülh prosesinə mane olmaq
cəhdlərinə baxmayaraq praktiki baxımdan bütün öhdəliklərin icrasına
başlayacaq”, – deyə İ.Korotçenko deyib.

Ekspert vurğulayıb ki, son dövrlərdə Azərbaycan ardıcıl və
məqsədyönlü şəkildə Ermənistan tərəfindən üçtərəfli bəyanat üzrə,
eləcə də sonrakı razılaşmalarla bağlı bütün öhdəliklərin yerinə
yetirilməsinin lazım olduğunu ifadə edir.

“Azərbaycan diplomatiyasının ardıcıl və sistemli işi, həm
siyasi, həm də hərbi təxribatların qarşısının sərt şəkildə
alınması, beynəlxalq hüquq normalarına müraciət və bu normaların
qeyd-şərtsiz icrası hər baxımdan Azərbaycanın fundamental
əsaslandırılmış mövqeyidir. Azərbaycanın o zaman ikinci Qarabağ
müharibəsində qələbə qazandığı kimi, bu gün də görürük ki,
Ermənistan diplomatik müstəvidə istəsə də, istəməsə də mövcud
reallıqları qəbul etmək məcburiyyətindədir”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, nəqliyyat kommunikasiyaları
açılmadıqca, Ermənistan bir dövlət olaraq müxtəlif problemlərlə
üzləşə bilər və yekunda nəticələr onun üçün əlverişsiz olacaq.

“Ümid edirəm ki, yeni reallıq başlayır. Ermənistan nəqliyyat
kommunikasiyalarının açılması yoluna qədəm qoyacaq, Azərbaycanla
sülh müqaviləsi imzalayacaq və sülhə doğru kursu, ərazi
iddialarından imtinanı konstitusion və digər qanunvericilik aktları
səviyyəsində möhkəmləndirəcək. Cənubi Qafqazda sülh və sabitlik
hamı üçün, o cümlədən, Rusiya üçün də çox vacibdir. Ermənistan
tərəfindən bütün öhdəliklərin praktiki reallaşdırılmasını
alqışlayırıq, ümid edirik ki, bunun nəticəsində Cənubi Qafqazdə
əbədi sülh hökmran olacaq”, – İ.Korotçenko vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: