Brüssel razılaşması Prezident İlham Əliyevin uğurlu diplomatik strategiyasının nəticəsidir – İqor Korotçenko

Brüssel razılaşması Prezident İlham Əliyevin uğurlu diplomatik
strategiyasının nəticəsidir.

Bunu Trend
Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş redaktoru,
məşhur hərbi ekspert İqor Korotçenko Brüsseldə Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan
Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə olunan
razılaşmanı şərh edərkən deyib.

“Biz görürük ki, rəsmi İrəvanın üçtərəfli bəyanatın icrası
məsələlərinə qeyri-konstruktiv yanaşmasına baxmayaraq, Azərbaycan
diplomatiyasının səyləri sayəsində Paşinyanı konstruktiv məcraya
yönəltmək mümkün oldu. Tammiqyaslı sülh danışıqlarına və dövlət
sərhədinin delimitasiyası komissiyasının yaradılmasına yönəlməni
müsbət, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirirəm.
Biz görürdük ki, Ermənistan sülh prosesini və öz öhdəliklərinin
icrasını pozmaq üçün Azərbaycanın Qarabağ iqtisadi regionunda
erməni separatçıları tərəfindən silahlı təxribatlar da daxil
olmaqla əlindən gələni edirdi. Bu təxribatların qarşısı qətiyyətlə
alınıb və bu da, mənə elə gəlir ki, Paşinyanın daha konstruktiv
mövqe tutmasında rol oynayıb. ABŞ və Fransada erməni diasporunun
Azərbaycana istənilən təzyiqi göstərmək və Ermənistanı dəstəkləmək
səylərinə baxmayaraq, bütün bu səylər uğursuzluğa düçar olub. Sülh,
sabitlik, mövcud reallıqların qəbul olunması, bütün bunlar
Ermənistan üçün şansdır. Paşinyan və onun ətrafı başa düşür ki,
məsələni bundan sonra da uzatmaq alınmayacaq. Sülh sazişində dəqiq
şəkildə göstərilməlidir ki, Ermənistan Qarabağı Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi tanıyır”, – deyə o bildirib.

İ.Korotçenko vurğulayıb ki, qarşıda hələ görülməli çox işlər
var.

“Bu gün üçün ən əsas həll olunmamış məsələ Azərbaycanın Qarabağ
iqtisadi regionunda ermənilərin qanunsuz silahlı birləşmələrinin
olmasıdır. Orada həmin silahlı insanların olduğu müddətdə biz hər
zaman silahlı təxribatlar, terrorçuluq cəhdləri, Azərbaycan
mövqelərinin atəşə tutulmasını gözləyə bilərik”, – ekspert
deyib.

Onun sözlərinə görə, əldə olunan razılaşmanın əsası əvvəlki
dövrün baza sənədləri ilə qoyulub. Bunlar üçtərəfli bəyanat, Moskva
və Soçi razılaşmalarıdır.

“Rusiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və
dəstəkləməyə davam edəcək. Bu baxımdan Azərbaycanla Rusiya arasında
Müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə bəyannamə də Azərbaycanın
Ermənistanla danışıqlar prosesində öz diplomatik gündəmini irəli
sürə biləcəyi təməldir.

Ermənistan indi başa düşür ki, Azərbaycanın fəaliyyətinin
arxasında bu təməl sənəd dayanır. Sənədin bəndlərində Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləmək, müxtəlif separatçı cəhdlərin,
Azərbaycanın ərazi bütövlüyünə təcavüzün qarşısını almaq
göstərilib. Bu baxımdan Rusiya öz öhdəliklərini tam şəkildə yerinə
yetirəcək”, – İ.Korotçenko deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: