Brüssel görüşünün yekunları Azərbaycanın növbəti diplomatik uğurudur – Kamaləddin Qafarov

“Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik
qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev bu görüşdə 44 günlük müharibədə qazanılmış nəticələri
diplomatik masada da bir daha möhkəmlətmiş oldu. Bunu Avropa
İttifaqının Prezidenti Şarl Mişelin görüşün sonundakı bəyanatı
təsdiq etdi”.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib. Millət vəkilinin fikrincə, ən mühüm məqam
ondan ibarətdir ki, Ermənistanın arzusuna rəğmən, görüşdə hər hansı
status məsələsi yox, post-münaqişə mərhələsində bölgənin inkişafı
ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o
cümlədən 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının müddəalarına
tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq
olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin
sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların
atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri
geniş müzakirə edilib. Beləliklə də, Azərbaycanın irəli sürdüyü 5
maddədən ibarət təklifin konstruktiv nəticələrin əldə olunması üçün
başlıca prinsiplər olduğu həm Avropa, həm də ermənilər tərəfindən
qəbul edildi. Məlumdur ki həmin sənəddə əsas məqam Azərbaycanın
ərazi bütövlüyüdür.

Kamaləddin Qafarov bildirib ki, sərhədlərin demarkasiyası və
demilitasiya barədə razılığın əldə olunması, ilk növbədə, regionda
gərginliyin azalmasına, komunikasiyaların açılmasına, səmərəli və
konstruktiv əməkdaşlığın əsasının qoyulmasına xidmət edəcəkdir. Bu
razılaşmalar bir daha göstərdi ki, Avropa İttifaqı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin regional liderliyini
qəbul edir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində
səylərini qiymətləndirir. Diplomatik müstəvidə qazanılan qələbə
gələcək inkişafa və əmin-amanlığa töhfə olmaqla bərabər, münaqişə
tərəflərinin vasitəçilərsiz anlaşa bilməsi yönündə irəliyə doğru
atılmış addım oldu.

Millət vəkili sənəddə ATƏT-in Minsk qrupuna hər hansı istinadın
və “Dağlıq Qarabağ” ifadəsinin yer almadığını müsbət hadisə kimi
qiymətləndirərək deyib: “Cənab Prezidentin hələ 2020-ci ildə
söylədiyi, qətiyyətlə öz mövqeyində qaldığı bu məsələ də həllini
tapmaqla gələcəyə uzaqgörən diplomatik baxışın və mahir diplomatik
gedişlərin nümunəsi oldu. İlk dəfə olaraq Avropa İttifaqı kimi
beynəlxalq təşkilat sülh danışıqlarının reallığına çalışmasını
ortaya qoydu və bununla da indiyə qədərki vasitəçilərdən fərqli
olaraq, tərəflərin təkbətək, konstruktiv danışıqlarına yaşıl işıq
yandırdı. Bu da onu göstərir ki Avropa ittifaqı bölgədə təminatlı
sülhün olmasında maraqlıdır və “qoca qitə” qəbul edir ki, bu
marağın reallaşması yalnız Azərbaycan rəhbərinin irəli sürdüyü
şərtlər daxilində mümkün olacaqdır”.

Millət vəkili xatırladıb ki “44 günlük müharibədə məğlub
olmasına baxmayaraq, Ermənistandakı revanşist qüvvələrin hər vəchlə
sülh prosesinə mane olmağa çalışması, Ermənistan hakimiyyətinin
zaman-zaman müxtəlif mövqelər sərgiləməsi belə bu prosesin
qarşısını ala bilmədi. Artıq yeni dünya düzəni formalaşır və bu
reallığı erməni cəmiyyəti də qəbul etmək zorundadır. Azərbaycanın
haqq səsini dünyaya çatdıran, milli maraqları hər şeydən üstün
tutan liderimiz müxtəlif maraqlı gücləri öz qətiyyətli və ardıcıl
siyasəti ilə inandıra billdi, Ermənistanın prosesi ləngitmək cəhdi
də iflasa uğradı”.

Teqlər: