Brüssel görüşünün nəticələri Azərbaycanın növbəti diplomatik uğurudur – Deputat

Aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri
Nikol Paşinyanla görüşləri və əldə olunan nəticələr Azərbaycanın
növbəti diplomatik uğurudur.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, görüş nəticəsində verilən bəyanat Azərbaycanın
maraqlarına tam uyğundur.

“Bu görüş Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf
üçün olduqca mühümdür. Belə ki, görüş nəticəsində sülh danışıqları
üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və
bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar verilib.
Bundan əlavə görüşdən əldə olunan daha bir mühüm nəticə həssas
məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə
bağlı razılığa gəlinməsidir.

Görüşün nəticələri onu deməyə əsas verir ki, Azərbaycanın 44
günlük Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqlar, sülh
razılaşması üçün irəli sürdüyü 5 maddədən ibarət təklifi həm
Avropa, həm də ermənilər tərəfindən qəbul edildi. Bu isə o deməkdir
ki, regionda sülh prosesləri Azərbaycanın irəli sürdüyü gündəlik
əsasında aparılır”, – deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin görüşləri və apardığı
danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel
sülh gündəliyi yarandı.

“İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib,
bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel
sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı
olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon
danışıqları keçirilib. Bütün bu proseslər Azərbaycanın mövqeyi və
maraqlarına uyğun olub. Aprelin 6-da 4 saat yarımdan artıq davam
edən görüşün nəticəsi isə cənab Prezident İlham Əliyevin dünyada
böyük nüfuzunun göstəricisidir”, – deyə A.Həsənova əlavə edib.

Deputat əlavə edib ki, görüş nəticəsində verilən bəyanatda mühüm
məqamlardan biri də odur ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya
keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna
istinad yoxdur.

“Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük
müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz
mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll
olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib.
Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında
birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format
yaranmışdır. Bütün bu proseslər cənab Prezident İlham Əliyevin
apardığı qətiyyətli və düşünülmüş siyasətinin məntiqi nəticəsidir.
Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında əldə
etdiyi qələbəni siyasi müstəvidə də davam etdirməkdədir”, – deyə
A.Həsənova əlavə edib.

Teqlər: