Brüssel görüşündən nə gözlənilir?

Brüssel görüşündən nə gözlənilir?

Bu, Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən sayca dördüncü görüşdür. İndiyə qədər olan görüşlərdə bir sıra konkret istiqamətlər, xüsusilə böyük sülh sazişinin imzalanması istiqamətində addımlar atılması üçün müəyyən razılaşmalara əldə edilib.

Bu sözləri AzerTimes-a açıqlamasında professor Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və AB Şurasının Prezidenti Şarl Mişelin avqustun 31-də Brüsseldə keçirilməsi gözlənilən üçtərəfli görüşü barədə deyib.

O xatırladıb ki, Ermənistanın qeyri-konstruktiv addımları, ”sağa-sola” baxmaq siyasəti əvvəlki üç görüşdə əldə edilən razılaşmaları tam reallaşdırmağa imkan verməyib:

“Sanki Rusiya ilə AB arasında bir növ iş bölgüsü aparılır: Rusiya sərhədlərin delmitasiyası və demarkasiyası məsələsində fəal görünür, AB isə sülh sazişini aparacaq işçi komissiyanın yaradılması və nəhayət böyük sülh sazişinin imzalanması istiqamətində səylərini gücləndirmək istəyir. Bu dəfə AB həm qərarların qəbul edilməsi ilə bağlı möhkəm iradə nümayiş etdirir, həm də qərarların icrasına nəzarət etmək arzusunu tez-tez vurğulayır. Ən azından bu, Şarl Mişel səviyyəsində özünü göstərir. Bu nöqteyi-nəzərdən görüşün nəticəli olacağını proqnozlaşdırmaq mümkündür.

Əgər nəticəli görüş olarsa, o zaman Moskvada da sərhədlərin delmitasiya və demarkasiyası haqqında nisbətən pozitiv mövqelər müşahidə edə bilərik.

Müşahidələrdən belə nəticə çıxarmaq olar ki, sülhyaratma prosesinə start verilib”.

Teqlər: