Brüssel görüşü ərəfəsində İrəvanda müxalifətin mitinqi siyasi tamaşadır – TƏHLİL

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham
Əliyevin Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın
baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. Həmçinin, Prezident
İlham Əliyevin N.Paşinyanla təkbətək görüşü də istisna olunmur.
Brüssel görüşü ərəfəsində İrəvanda müxalifətin mitinqi
keçirilib.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı
Ceyhun Məmmədov bildirib ki, İrəvanda müxalifətin
mitinqi Brüssel görüşü ərəfəsində Paşinyan hakimiyyəti tərəfindən
təşkil edilmiş növbəti tamaşadır.

“Burada belə bir haqlı sual yaranır. Niyə bu mitinqlər bu günə
kimi keçirilmirdi? Sözügedən mitinq nə üçün Brüssel görüşündən bir
gün əvvəl keçirildi? Ermənistan hakimiyyəti kimin başını aldatmaq
istəyir? Heç şübhəsiz ki, bu şouda əsas məqsəd ictimai rəyə
əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən
sığortalamaqdır.

Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini
durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə
olunub. Bu bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi
danışıqlar prosesini pozmaq, sülh müqaviləsini imzalamaqdan imtina
etməkdir. Bu yanaşma artıq Ermənistanın dövlət siyasətinə
çevrilib.

Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı
bilirlər ki, gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası,
kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş
başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər
yaxşıdır. Azərbaycan heç zaman öz haqlı mövqeyindən bir addım da
geri çəkilməyəcək”, – deyə Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, Paşinyan Prezident İlham Əliyevlə bütün
görüşlərində olduğu kimi, ötən il dekabrın 14-də Brüssel görüşü
zamanı da zərbə aldı.

“Buna görə də Paşinyan bugünkü görüşə xüsusi ümid bəsləməməli və
bilməlidir ki, müqavimət cəhdləri növbəti yeni zərbə ilə
nəticələnəcək. Ermənistan bunu nə qədər tez anlasa bir o qədər
yaxşı olar.

Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman dəmir
yumruq yenidən işə düşə bilər. Ermənistan 44 günlük müharibədə baş
verənlərdən ciddi nəticə çıxarmalıdır”, – deyə deputat
bildirib.

Politoloq Ceyhun Əhmədli isə AzerTimes-a açıqlamasında
bildirib ki, aprelin 5-də İrəvanda müxalifətin keçirdiyi mitinq bir
neçə mətləblərdən xəbər verir.

“Məhz indiki məqamda belə bir kütləvi aksiyanın təşkili
revanşist dairələrin Paşinyanı Azərbaycanla mümkün sülh müqaviləsi
imzalamaqdan çəkindirmək niyyətindən xəbər verir. Nəzərə alaq ki,
Azərbaycanın təklif etdiyi şərtlər artıq Ermənistan ictimaiyyətinə
bəllidir. Revanşistləri isterikaya salan əsas məqam da budur ki,
sülh quruculuğu prosesi getsə, revanşistlər siyasi meyitə
çevriləcəklər. Onların sülh qorxusu bu amildən qaynaqlanır.

Digər məqam isə odur ki, Paşinyan özü Brüssel səfəri öncəsi belə
bir kütləvi aksiyanı təşkil etməklə güzəştə getməyin “mümkünsüzlüyünü” göstərməyə çalışacaq. Bunda məqsəd ictimai rəyə
əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən
sığortalamaqdır”, – deyə politoloq bildirib.

O qeyd edib ki, Ermənistandakı revanşistlər də, Paşinyan da,
onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ
münaqişəsi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli
sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq”, – deyə C.Əhmədli
əlavə edib.

Teqlər: