Brüssel görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir – Deputat

Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan
arasında keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Ş.Mişelin
mətbuata səsləndirdiyi bəyanat Azərbaycanın növbəti uğurudur. Bu
bəyanat Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bəyanatda regionda sülhün təmin edilməsi
ilə bağlı mühüm məqamlar öz əksini tapıb.

“Şarl Mişel bəyanatda qeyd edib ki, sərhəd məsələləri ilə bağlı
sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası
sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin
delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin
edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Əlbəttə ki, bu
ölkəmiz üçün olduqca vacib məqamdır. Azərbaycan Vətən
müharibəsindən sonra sərhədlərin beynəlxalq səviyyədə tanınmış
sərhədlər çərçivəsində müəyyən edilməsi ilə bağlı qəti mövqeyini
bildirirdi. Ş.Mişelin bəyanatı Azərbaycanın mövqeyinin qəbul
edildiyini bir daha təsdiq edir”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, bəyanatda digər vacib məqam Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin yaradılması ilə
bağlıdır. “Azərbaycan bu məsələ üzərində təkidlə dayanırdı.
Ermənistan müəyyən müddət dəhlizin açılmasını yubatmağa çalışsa da
artıq mövqeyinin doğru yolda olmadığını anlayaraq Azərbaycanın
mövqeyini qəbul edir”, – deyə A.Həsənova əlavə edib.

Deputat vurğulayıb ki, digər vacib məqam isə sülh sazişi ilə
bağlıdır. “Bəyanatda qeyd edilir ki, liderlər Ermənistan ilə
Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən
gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə
razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin
başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam
etdirəcəklər. Hesab edirəm ki, bu bənd Azərbaycanın mğövqeyini daha
da gücləndirir. Məlumdur ki, Azərbaycan sülh sazişi üçün özünün
əsas prinsiplərini bəyan edib. Bu bəyanat onu göstərir ki,
Azərbaycanı bu istiqamətdə də mövqeyi qəbul edilir”, – deyə
A.Həsənova qeyd edib.

A.Həsənova vurğulayıb ki, bu bəyanat Ermənistanın bundan sonrakı
mərhələdə təxribatlara əl atmaq və indiyə qədər imzalanmış
sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən
yayınmaq imkanlarından məhrum edir:

“Ermənistan artıq başa düşməlidir ki, onun təxribatçı mövqeyi,
regionda dayanıqlı sülhün əldə olunması yolunda yaratdığı əngəllər
dünya birliyi tərəfindən qəbul olunmur. Ermənistanın baş naziri
Nikol Paşinyan indiyə qədər müxtəlif bəhanələrlə 10 noyabr
bəyanatını yerinə yetirməkdən yayınsa da artıq onun qarşısında belə
bir imkan qalmır. Ermənistan anlamalıdır ki, əldə olunmuş
razılıqlardan yayınmaq ölkə üçün yaxşı heç nə vəd etmir”, – deyə
deputat qeyd edib.

Teqlər: