Britaniyada yanacaqdoldurma məntəqələrinə benzin çatdırılması üçün hərbçilər cəlb olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyada hərbçilər bu gündən etibarən ölkə ərazisində yanacaqdoldurma məntəqələrinə benzinin çatdırılması işinə cəlb olunub.

Trend-in məlumatına görə, ümumilikdə paytaxt Londonun, eləcə də Britaniyanın cənub-şərqində məntəqələrə yanacaq tədarükü prosesinə 200 hərbçi cəlb olunub.

Eyni zamanda, Böyük Britaniya Yanacaq Satışı Assosiasiyasının məlumatına əsasən, Londonda yanacaqdoldurma məntəqələrinin 22 faizində yanacaq ümumiyyətlə yoxdur.

Ölkə ərazisində isə məntəqələrin 17 faizində yanacaq mövcud deyil.

Qeyd edək ki, Böyük Britaniyada yanacaq böhranı sentyabrın 23-də BP şirkətinin ölkədə onlarla yanacaqdoldurma məntəqəsini bağlamasından sonra başlayıb. Şirkət məntəqələri bağlamaq qərarını yük maşını sürücülərinin çatışmazlığı ilə izah edib.