Braziliyada daşqınlar 70-dən çox insanın həyatına son qoyub

Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının
dağlıq bölgələri) güclü yağışlar və nəticədə torpaq sürüşməsi və
daşqınların qurbanlarının sayı 78 nəfərə çatıb.

Trend Reuters
agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət
orqanları məlumat yayıb.

Hazırda xilasedicilər dağıntılar altından sağ qalan 16 nəfəri
çıxara biliblər, dağıntılar altında daha neçə nəfərin ola biləcəyi
məlum deyil. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı,
o cümlədən hərbçilər və könüllülər iştirak edir.

Petropolis meriyası üç günlük matəm elan edib. Evlərini tərk
edən 300-dən çox insan məktəblərə və sığınacaqlara
yerləşdirilib.