bp yerli universitetə nəşriyyat evi hədiyyə edib

Bu gün bp Azərbaycanın neft-qaz sahəsində ən qədim təhsil ocağı
və postsovet məkanında ən nüfuzlu energetika universiteti olan
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə tam təchiz olunmuş
müasir nəşriyyat evi hədiyyə edib. Bununla bağlı universitetdə
nəşriyyat evinin açılışı tədbiri keçirilib.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz Azərbaycanla 30 illik
tərəfdaşlığımızın ilk günündən Neft və Sənaye Universiteti ilə sıx
əməkdaşlıq edirik. Bu müasir nəşriyyat evinin istifadəyə
verilməsindən çox məmnunuq və inanırıq ki, bu, professor-müəllim
heyətinin və tələbələrin elmi-tədqiqat fəaliyyətlərinə təkan
verəcək. Biz həmçinin ümid edirik ki, nəşriyyat evi 10000-dən çox
tələbə və 800 nəfərlik professor-müəllim heyətinə fayda gətirməklə
universitetin çap və nəşr ehtiyaclarını tam təmin edəcək.”

Layihə yerli universitetlərdə təhsil və elmi-tədqiqat
fəaliyyətinin keyfiyyətinin artırılması, tədris infrastrukturunun
təkmilləşdirilməsi, aparıcı beynəlxalq universitetlərlə tərəfdaşlıq
əlaqələrinin qurulması və qabaqcıl beynəlxalq təhsil təcrübəsi və
imkanlarının Azərbaycana gətirilməsi səylərinə bp-nin dəstəyinin
bir hissəsidir.

Layihənin ümumi dəyəri təxminən 370 000 AZN təşkil edir və
buraya nəşriyyat və çap avadanlıqlarının alınması, çatdırılması və
quraşdırılması, eləcə də obyektin işə salınması üzrə xərclər
daxildir.

Redaktorlar üçün qeydlər

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı,
işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu
layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə
həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə
icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə
qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız
sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək
öhdəliyi götürmüşük.

Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz
və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz
insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını
yaxşılaşdırıb və dəyişdirib.

Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil,
icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman
potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin
tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı
vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə
layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə
layihələrinə ümumilikdə təxminən 100 milyon dollar vəsait
xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2270 Azərbaycan vətəndaşı
çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini
təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı
məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına
daxil olun.

Əlavə məlumat üçün:

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya
müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95

Teqlər: