Bu gün bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – Azərbaycanın aparıcı universitetlərində potensialın yaradılmasına dəstək verilməsi üzrə mühüm təhsil layihəsinin uğurla tamamlandığını elan etdilər. Bu layihə bp və tərəfdaşlarının təhsilin inkişafına və bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib.
bp-dən AzerTimes-a bildirilib ki, layihənin məqsədi yerli ali təhsil müəssisələrində layihə idarəetmə bacarıqları yaratmaqdır. Bu məqsədlə seçilmiş 15 universitetin hər birindən üç nümayəndəyə təlimlər keçirilib və onlara beş aylıq təlim proqramını tamamladıqdan sonra İPMA standartı üzrə beynəlxalq layihə idarəetmə sertifikatı təqdim edilib. İPMA (Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası) layihə menecerlərinin qiymətləndirilməsində dünya lideridir.
Bu layihə sayəsində, iştirakçı universitetlərin artıq D səviyyəli (İPMA qiymətləndirməsinin dörd dərəcəsindən biri) Layihə İdarəetmə Mütəxəssisi sertifikatına malik layihə menecerlərindən ibarət heyətləri mövcuddur.
Layihə çərçivəsində həmçinin layihə menecerləri üçün Azərbaycan dilində yeni kitab da nəşr edilib.
bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Təhsilə dəstəyimiz çərçivəsində biz bir sıra yerli universistetlərlə müxtəlif layihələr üzrə əməkdaşlıq edərək onlara təhsilin keyfiyyətini artırmaq üçün lazım olacaq bacarıqların və potensialın yaradılması və inkişaf etdirilməsi yönümündə dəstək verririk. Bu cür birgə layihələrin səmərəli icrası üçün şübhəsiz ki, ümumi icra prosesinə, o cümlədən büdcənin idarə edilməsinə və maliyyə hesabatlılığına cavabdeh olacaq xüsusi layihə menecerləri tələb olunur. Biz sevinirik ki, indi artıq 15 yerli universitetin beynəlxalq sertifikatlı mütəxəssislərdən təşkil olunmuş xüsusi peşəkar layihə idarəetmə heyətləri var. Bu, həmin universitetlərin milli və beynəlxalq təşkilatlarla olan birgə layihələrini səmərəli şəkildə idarə etməsinə və bununla da təhsilin keyfiyyətinin artırılmasına dəstək olaraq öz əməkdaşlıqlarını genişləndirməsinə imkan yaradacaq.”
Layihənin dəyəri 75 902 AZN-dir.
Layihənin icrası Layihə İdarəetmə Assosiasiyası tərəfindən həyata keçirilib.