Bolqarıstan təmsilçisi Boryana Kaleyn Bakıda bədii gimnastika
üzrə FIG Dünya Kubokunda lentlə hərəkətdə qızıl medal qazanıb.
AzerTimes-ın
məlumatına görə, idmançı 29.750 xal toplayıb.
Darya Atamanov (İsrail, 29.200 xal) gümüş medalı, bürünc medalı
isə Yekaterina Vedeneeva (Sloveniya, 29.000 xal) qazanıb.
Azərbaycan gimnastı Arzu Cəlilova 27,400 xal toplayaraq altıncı
yeri tutub.
Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.
Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur:
Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova
halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında
komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan
kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Dariya Sorokina yer alıb.
Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının gümüş, bu gün isə beş
halqa ilə hərəkətdə qızıl medalını qazanıb.