BMT Təhlükəsizlik Şurası Efiopiyadakı vəziyyətlə bağlı bəyanat qəbul edib.
AzerTimes-ın məlumatına görə, bəyanatda BMT TŞ münaqişə tərəflərini – federal hakimiyyət orqanlarını və Əddis-Əbəbəyə təxminən 300 kilometr yaxınlaşan müxtəlif üsyançı qrupları atəşkəs imzalamağa çağırıb:
“Onlar böhranı həll etmək, ölkə daxilində sülh və sabitlik zəminini qurmaq, Efiopiyada inklüziv milli dialoqa şərait yaratmaq üçün hərbi əməliyyatların dayandırılmasına və davamlı atəşkəsin əldə olunmasına çağırıblar”.
BMT Təhlükəsizlik Şurası Efiopiyadakı vəziyyətdən narahatlığını ifadə edib və xüsusilə əhaliyə humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb. BMT Təhlükəsizlik Şurasının üzvləri Efiopiyadakı vəziyyətə reaksiya ilə bağlı ölkə hakimiyyəti ilə müntəzəm əlaqə saxlayan BMT-nin Baş katibi Antonio Quterreşin mövqeyini alqışlayıblar. Onlar həmçinin Afrika İttifaqının bununla bağlı işini də dəstəkləyiblər:
“BMT Təhlükəsizlik Şurasının üzvləri Efiopiyanın suverenliyinə, siyasi müstəqilliyinə, ərazi bütövlüyünə və birliyinə sadiq olduqlarını bir daha təsdiqlədilər”.