BMT-nin Baş katibi Ramazan ayı ilə bağlı videomüraciət ünvanlayıb

BMT-nin Baş katibi Antonio Quterreş Ramazan ayının başlaması ilə
əlaqədar videomüraciət ünvanlayıb.

AzerTimes-ın məlumatına görə, müraciətdə deyilir:

“Bütün dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının
başlaması münasibətilə ən xoş arzularımı çatdırıram.

Bu, mərhəmət və şəfqət ayıdır. Düşünmək və öyrənmək zamanıdır.
Bir araya gəlib, bir-birimizi mənəvi cəhətdən dəstəkləmək
imkanıdır.

Qaçqınlar üzrə Ali Komissar kimi başladığım ənənəni Baş katib
olandan sonra da böyük qürurla davam etdirirəm.

Hər Ramazan ayında müsəlman ölkələrinə səfər etmək, həmrəylik
orucu tutmaq və iftar zamanı insanlarla çörək kəsmək şərəfinə nail
olurdum.

Təəssüf ki, COVID-19 pandemiyası bunu mümkünsüz etmişdi. Lakin
şadam ki, bu ənənəni bu il bərpa edəcəyəm.

Faciə və əzab-əziyyətin yaşandığı dövrdə münaqişə, köçkünlük və
qorxu ilə üzləşən hər kəsi yad edirəm.

Müqəddəs Quranda da yazıldığı kimi, Allah bir-birimizi tanıyaq
deyə xalqları və qəbilələri yaradıb.

Bu müqəddəs ayda və hər gün, bütün qadınların və kişilərin
təhlükəsizliyi, ləyaqəti, həmçinin firavanlığı üçün əl-ələ verib
çalışaq.

Gəlin bir-birimizdən öyrənək və birlikdə dinc dünya quraq.

Ramazan ayınız mübarək!”.

Teqlər: