BMT işğaldan azad olunmuş ərazilərdə qiymətləndirmə missiyası həyata keçirəcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Fevralın 17-də Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin
Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ilə
görüşüb.

Parlamentdən AzerTimes-a verilən məlumata görə, qonağı Milli Məclisdə
salamlamaqdan məmnunluğunu bildirən spiker onun BMT-nin
Azərbaycandakı rezident əlaqələndiricisi kimi fəaliyyətinin
qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə inandığını
ifadə edib, qonağa bu sahədə uğurlar arzulayıb.

S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan nüfuzlu beynəlxalq
təşkilatlarla əlaqələrin inkişafına önəm verir. O bildirib ki, bu
il ölkəmizin BMT-yə üzv olmasının 30 illiyi tamam olacaq.
Azərbaycan həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif
fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq
əlaqələri qurub. Azərbaycanın 155 üzv dövlətin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına 2012-2013-cü illər ərzində qeyri-daimi üzv
seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir.

Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan Qoşulmama
Hərəkatının sədri kimi həm də BMT-nin təşəbbüslərini dəstəkləyir və
qlobal narahatlıq doğuran məsələlər üzrə görülən işlərə öz
töhfəsini verir. 2020-ci ilin dekabrında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi
irəli sürdüyü təklif əsasında dövlət və hökumət başçıları
səviyyəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üzrə
BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının çağırıldığını
xatırladan spiker bu tədbirin əhəmiyyətini vurğulayıb.

S.Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının sədri qismində
cənab İlham Əliyevin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT
İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində və 16 dekabr
2021-ci il tarixində Baş Assambleyanın 76-cı sessiyası çərçivəsində
plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə qəbul edilmiş “COVID-19
əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal
əlçatanlığın təmin edilməsi” adlı qətnamə xüsusi əhəmiyyətə
malikdir.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən
müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə məlumat
verərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistanın 30
illik işğalından azad edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin icrasını öz gücü ilə həyata keçirib. Milli
Məclisin sədri deyib ki, 2020-ci ilin noyabrında imzalanmış
üçtərəfli bəyanatla münaqişəyə son qoyulub. O vurğulayıb ki,
hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb.
Münaqişə keçmişdə qalıb və biz işğaldan azad olunmuş ərazilərinin
bərpası ilə məşğuluq. Spiker diqqətə çatdırıb ki, Ermənistanın 30
ilə yaxın davam edən işğalı nəticəsində bütün şəhərlərimiz,
kəndlərimiz, maddi-mədəni, dini obyektlər tamamilə dağıdılıb.
Təəssüf ki, Azərbaycanın müraciətlərinə baxmayaraq, bütün işğal
dövründə YUNESKO bu ərazilərdə qiymətləndirmə aparmayıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın BMT ilə
fəal əməkdaşlığından məmnunluğunu ifadə edib. Bildirib ki,
Azərbaycan BMT üçün mühüm məsələlərdə qlobal liderliyi öz üzərinə
götürən vacib tərəfdaşdır.

BMT nümayəndəsi yaxın vaxtlarda Azərbaycanın işğaldan azad
olunmuş ərazilərinə səfər edəcəklərini və orada qiymətləndirmə
missiyası həyata keçirəcəklərini diqqətə çatdırıb. O, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərin bərpası barədə planlarının,
xüsusilə də ağıllı şəhər, ağıllı kənd layihələrinin onda böyük
təəssürat yaratdığını qeyd edib.

Dayanıqlı inkişaf məqsədlərindən danışan qonaq bunun
Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasında mühüm
rol oynadığını diqqətə çatdırıb, ərazilərin minalardan
təmizlənməsi, infrastrukturun bərpası və insanların geri
qayıdışının təmin edilməsi barədə fikirlərini bölüşüb.

Vladanka Andeeva BMT və Azərbaycan arasında münasibətlərin
bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib və bunun üçün
bütün səylərini səfərbər edəcəyini vurğulayıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə
fikir mübadiləsi aparılıb.

Teqlər: