Xəbər - Ləman Zeynalova – Trend:
BMT İnkişaf Proqramının ofisində qurumun erməni əməkdaşı Armen Qriqoryanın keçirdiyi anti-Azərbaycan kampaniyanı şərh ediblər.
Qeyd edək ki, Ermənistan vətəndaşı olan Armen Qriqoryan sosial şəbəkələrdə açıq şəkildə Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparır. O, Azərbaycana qarşı böhtan xarakterli materiallar paylaşıb, faşist və revanşist ruhda məqalələr dərc edib, bundan başqa o, “Ermənistanı kim daha çox sevir” mövzusunda müzakirələr təşkil edib.
BMT İnkişaf Proqramının ofisindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, təşkilat öz əməkdaşlarının rəhbər tutduğu müstəqillik və qərəzsizlik prinsiplərinə çox ciddi yanaşır.
“BMT İnkişaf Proqramı təşkilatın və bütün dünyadakı əməkdaşlarının nüfuzuna zərər vuracaq ayrı-seçkilik və qərəzlilik yanaşmalarını qəbul etmir. BMT İnkişaf Proqramı qanunsuz hərəkətlərin qarşısının alınması və bu ittihamların araşdırılması, qaydalara və təşkilatın siyasətinə əməl olunmamasının araşdırılması üçün Etika məsələləri idarəsi, Audit və təhqiqat idarəsi, İnsan ehtiyatları idarəsi və Ombudsman idarəsi kimi institusional mexanizmlərə sahibdir”, – deyə təşkilatdan bildiriblər.
BMT İnkişaf Proqramından həmçinin qeyd ediblər ki, təşkilat Azərbaycanda inkişaf üzrə uzunmüddətli tərəfdaş qismində işinə sadiqdir.
Beləliklə, BMT İnkişaf Proqramı faktiki olaraq bəyanatda qeyd olunduğu kimi “müstəqillik və qərəzsizlik prinsiplərini” rəhbər tutmalı olan öz əməkdaşının Azərbaycan və Türkiyə əleyhinə mövqeyini sərgiləyən görüntülərin həqiqiliyini təkzib etməyib.
(Tərcümə: Orxan Nəbiyev)