BMT İHŞ-in 49-cu sessiyasında Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yazılı bəyanatı yayılıb

BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 28 fevral – 1 aprel
2022-ci il tarixlərində keçirilmiş 49-cu sessiyası çərçivəsində
Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin yazılı bəyanatı
yayılıb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bəyanatda
İHŞ-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində oynadığı
mühüm rol təqdir edilir, BMT Nizamnaməsi və beynəlxalq hüquqa uyğun
olaraq BMT-nin bütün üzv dövlətləri tərəfindən insan hüquqları və
əsas azadlıqlarının müdafiəsi sahəsində öhdəliklərinin yerinə
yetirilməsinin vacibliyi vurğulanır.

Bəyanatda yoxsulluğun aradan qaldırılması, keyfiyyətli təhsil və
səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, bütün ölkələrin
COVID-19 virusuna qarşı peyvəndlərə ədalətli çıxışı, qida hüququ,
əlilliyi olan şəxslərin bərabər əsasda bütün insan hüquqları və
əsas azadlıqlarının tam şəkildə təmin olunması, məcburi köçkünlərin
problemlərinin davamlı həlli, o cümlədən onların könüllü əsasda
təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması və pozulmuş
insan hüquqlarının bərpası, sağlam ətraf mühitdə yaşamaq hüququ
kimi məsələlər yer alır.

Burada, həmçinin irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və
əlaqəli dözümsüzlük hallarının bütün formaları şiddətlə qınanılır
və bütün ölkələr tərəfindən sivilizasiyalar, mədəniyyətlər və
dinlərarası dialoqun təşviqi üçün səy göstərməsinin vacibliyinə
diqqət çəkilir, terrorizm və zorakı ekstremizm aktları nəticəsində
insan hüquqları və əsas azadlıqlarının kobud şəkildə pozulmasından
narahatlıq ifadə edilir və bu cür aktların bütün forma və
təzahürləri qınanılır.

Bəyanatda məsələləri siyasiləşdirmədən, ikili standartlara və
selektiv yanaşmaya yol vermədən İHŞ-nin effektiv fəaliyyəti üçün
bütün ölkələr və geniş beynəlxalq ictimaiyyət tərəfindən dəstək
göstərilməsinə dair çağırış edilir.

Qeyd olunan yazılı bəyanatın İHŞ-yə təqdim edilməsi, BMT-nin
yüksək səviyyəli siyasi tədbirləri çərçivəsində QH Gənclər
Şəbəkəsinin ilk fəaliyyətidir.

Məlumat üçün qeyd edək ki, Qoşulmama Hərəkatının üzv olan
dövlətlərin gənclər təşkilatları və gənc fəallarını özündə
birləşdirən Gənclər Şəbəkəsinin əsası Azərbaycanın QH-yə sədrliyi
çərçivəsində, 4-5 oktyabr 2021-ci il tarixlərində keçirilmiş təsis
iclası ilə qoyulub. 60 illik tarixə malik olan Qoşulmama
Hərəkatının gənclər qurumunun yaradılması əlamətdar bir hadisə
olmuşdur.

Teqlər: