BMT Əfqanıstanda humanitar vəziyyətin pisləşdiyini açıqlayıb

BMT Əfqanıstanda sərt qış səbəbindən humanitar vəziyyətin pisləşdiyini bildirib.

Trend xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş məlumata görə, qışda əfqanların humanitar yardıma ehtiyacları artıb. Ölkədə milyonlarla insan qida çatışmazlığından və soyuqdan əziyyət çəkir. Güclü qar bir çoxlu ailəni kənardan yardımdan məhrum edib.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, güclü qar və leysan yağışlar Kabil hava limanında reyslərdə problem yaradıb.


Yaxın günlərdə qarın davam edəcəyi, havanın temperaturunun aşağı düşəcəyi bildirilir. BMT agentlikləri yardımı genişləndirir, ehtiyacı olanlara ərzaq və tibbi yardım göstərir.

Sentyabrın 1-dən BMT-nin Əfqanıstandakı humanitar tərəfdaşları 9 milyon insana ərzaq yardımı göstərib, 4 milyon insana tibbi yardım göstərilib, 110 min nəfərin qışa hazırlanmasına köməklik edilib.