Bu gün dünyanı cənginə almış COVID-19-la mübarizədə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq miqyasda gerçəkləşdirdiyi layihələr, irəli sürdüyü təşəbbüslər təqdir olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayıldığı ilk gündən ölkəmizin bu bəladan az itki ilə çıxacağı barədə proqnozlarını açıqladı. Bütün dünya ölkələri bu öldürücü virusla mübarizədə çaş-baş qaldığı bir dönəmdə Azərbaycan beynəlxalq aləmə qlobal bəlanın qarşısını almaq üçün birgə səylərin göstərilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə çağırışlar etdi. Azərbaycan dövləti bu çağırışlarının reallığa söykəndiyini təkcə irəli sürdüyü təşəbbüslərlə deyil, həm də onları həyata keçirməklə təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyevin planetimizin hər yerində COVID-19-un tüğyan etdiyi bir vaxtda-ötən ilin aprel ayından başlayaraq dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ünvanlanan «Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” çağırışı dünyanın biri-birinə əks olan qütblərini bir araya gətirdi, həmrəyliyin və əməkdaşlığın dəhşətli virusla mübarizədə əhəmiyyətli rol oynadığını əsaslı şəkildə diqqətə çatdırdı.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, ötən il möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirilib: “Məlum olduğu kimi, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan quruma sədrliyi dövründə birgə səylər əsasında Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, qlobal problemlərin həllində rolunu artırmaq əzmini özünün şəxsi nümunəsi ilə ortaya qoymaqdadır. Dövlətimizin başçısı beynəlxalq aləmə ünvanladığı müraciətlərində bu həqiqəti dönə-dönə təkrar edir ki, ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək hər bir məsələnin həllində ümumi mövqenin ortaya qoyulmasında xüsusi rol oynayır. Bir qayda olaraq öz vədinə, mövqeyinə sadiq qalan Prezident İlham Əliyev bütün ümumbəşəri problemlərin həllində olduğu kimi, pandemiya ilə mübarizədə də qlobal liderlik rolunu öz üzərinə götürdü. Azərbaycan COVID-19-la mübarizə tədbirləri çərçivəsində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdi. Koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü ianə etdi. Onun 5 milyon dolları pandemiya ilə bağlı ümumi tədbirlərə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardıma istiqamətləndirildi.”
Baş redaktor diqqəti bu günlərdə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbuluna yönəldərək bildirib ki, ölkəmizin beynəlxalq nüfuzunun, dövlətimizin başçısı İlham Əliyevə beynəlxalq aləmdə gündən-günə artan inam və etimadın göstəricisi kimi qəbul olunan belə mühüm addımların əsasında məhz dövlətimizin həyata keçirdiyi düşünülmüş və gələcəyə hesablanmış siyasət, ən əsası ədalət və humanizm prinsiplərini öndə saxlaması dayanır: “İrəli sürülən hər bir təşəbbüs onun müəllifi olan dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil siyasi kursu ilə xarici siyasətdə davamlı uğurlara imza atan Azərbaycan bu gün regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam xüsusi yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, xüsusilə dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir, qəbul olunan sənəd dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, qlobal təhdidlərə qarşı beynəlxalq birliyin, həmrəyliyin formalaşmasına və inkişafına böyük töhfə verir.”
“Hazırda pandemiya ilə qlobal mübarizədə yeni bir mərhələyə- bütün dünyada vaksinasiya tədbirlərinə başlanılıb. Hətta bu sahədə də ayrı-ayrı ölkələr arasında müəyyən gərginlik yaşanmaqdadır” söyləyən V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin bu il fevralın 1-də Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin koronavirusla mübarizə tədbirlərindən bəhs edərkən vaksinasiya ilə bağlı dünya dövlətlərinə etdiyi çağırışa yönəldib: “Azərbaycan Prezidenti həmin müraciətində bildirmişdi ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta zəngin ölkələrə kasıb ölkələrin vətəndaşlarının o peyvəndi almalarına yardımçı olmaları ilə bağlı çağırış edilmişdi: “ Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük.” Bu fikirlərin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçidiyi mətbuat konfransında bildirmişdir ki, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət yaşanır: “Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Hansı bərabərlikdən danışırıq? Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır.”
V.Rəhimzadə bildirib ki, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində qəbul olunan qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsi diqqətə çatdırılır və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulanır: “Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Sənəd dövlətimizin başçısının bu il fevralın 1-də Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və sevindirici haldır ki, qısa müddətdə qlobal dəstək qazandı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində olmaqda davam edir. Qətnamənin dəstəklənməsində möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi nüfuzu da əhəmiyyətli rol oynayır. Bütün məsələlərin həllində ədalət prinsipinin qorunmasını vacib amil kimi önə çəkən dövlətimizin başçısı növbəti dəfə haqqın-ədalətin qazanılan qələbədə rolunu nümayiş etdirdi. Dünya müstəvisində əsas rol oynayan güc və beynəlxalq hüququn tələblərinə əməl etməyin Azərbaycana 44 günlük İkinci Qarabağ müharibəsində qazandırdığı şanlı Qələbə işğalçı Ermənistana heç zaman unuda bilməyəcəyi dərsi versə də işğalçı dövlət yenə də dünyanı əvvəlki reallıqlarda görərək bu qətnamənin də qəbul edilməsinə mane olmağa çalışdı. Lakin artıq beynəlxalq miqyasda da etiraf olunan bu həqiqti unutdu ki, ölkəmiz regionda və dünyada yeni reallıqlar formalaşdırıb və bu gün diktə edən, ədalət meyarını qəbul etdirən tərəf Azərbaycandır.”