Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskini “yox etməyi” planlaşdırmır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT TŞ-nin Ukraynaya həsr olunmuş sessiyasında deyib.
“Doğrudanmı düşünürsünüz ki, əgər biz həqiqətən Zelenskinin kortejini vurmaq istəsəydik, buna nail ola bilməzdik? Özünüz buna cavab verin, yalnız vicdanla”, – Polyanski Ukrayna liderini öldürmək planları ilə bağlı iddialara cavab verərkən bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya üçün ən mühüm məqsəd Odessada Böyük Britaniyanın tədarük etdiyi komponentlərdən yığılan hərbi-dəniz pilotsuz təyyarələri istehsal edən zavodun məhv edilməsidir.
Qeyd edək ki, Qərb ölkələrinin BMT Təhlükəsizlik Şurasındakı bəzi nümayəndələri Moskvanı Ukrayna rəhbəri və Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin Odessa səfəri zamanı bəzi hədəflərə edilən hücumlara görə tənqid ediblər.