BMT Baş Assambleyasında Azərbaycanın irəli sürdüyü qətnamənin qəbulu növbəti diplomatik qələbədir – ŞƏRH

Xəbər - Elçin Mehdiyev – Trend:

Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib.

179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkə səs verməyib.

Milli Məclisin deputatı Cavid Osmanov AzerTimes-a açıqlamasında bildirib ki, Dünya COVİD-19 pandemiyası ilə üz-üzə qaldığı ilk günlərdən Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin təşəbbüs və rəhbərliyi ilə həm ölkə səviyyəsində, həm də beynəlxaq səviyyədə davamlı mübarizə tədbirləri aparan əsas ölkələrdən biridir.

“Ölkə miqyasında aparılan mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda digər beynəlxalq təşkilat və ölkələr tərəfindən çox yüksək qiymətləndirilmişdir. Pandemiya ilə mübarizədə nümunəvi fəaliyyət sərgiləyən Azərbaycanın, xüsusilə də ölkə başçısı cənab İlham Əliyevin beynəlxalq miqyasda mübarizə tədbirləri haqqında irəli sürdüyü təşəbbüslər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən yekdilliklə dəstəklənir.

Hələ pandemiyanın ilk mərhələsində bütün dünya ölkələrinin əksəriyyəti qapanmalara getdiyi dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürərək pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Ölkəmiz Qoşulmama Hərəkatının sədri qismində COVİD-19-a qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi üçün qlobal liderliyini davam etdirir”, – deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan dövləti pandemiya ilə beynəlxalq mübarizə çərçivəsində öz əməli-praktik addımları ilə də seçilir və digər imkanlı ölkələr üçün nümunə rolunu oynayır:
“Belə ki, indiyədək 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə ilə maliyyə və humanitar yardımlar edib, bir sıra ölkələrə təmənnasız COVİD-19 əleyhinə vaksinlər göndərib.

Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyev “peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlayıb. Bu istiqamətdə effektiv nəticələrin əldə edilməsi üçün davamlı səylər göstərilib. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı, 2020-ci ilin dekabr ayında 150-dən çox dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiya Azərbaycan Prezidentinin şəxsi təşəbbüslərinin beynəlxalq miqyasda dəstəklənərək qəbul edildiyinin əyani göstəriciləridir.
Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi nəticəsində məhz 2021-ci ilin mart ayında Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVİD-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə yekdilliklə qəbul olunmuşdur.

Cari ilin 24-sentyabr tarixində BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirlərdində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınamış və Azərbaycan tərəfindən BMT Baş Assambleyasında müvafiq qətnamənin irəli sürüləcəyini qeyd etmişdir. Dekabırın 16-da isə BMT Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVİD-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə yekdilliklə qəbul edilib. 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkənin səs verməməsi bir daha təsdiq edir ki, Prezident cənab İlham Əliyevin təşəbbüsləri BMT səviyyəsində dəstək alaraq bütün dünya ölkələri tərəfindən qəbul edilir”, – deyə C.Osmanov bildirib.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, müasir dövrün reallıqları sübut edir ki, iqlim dəyişikliyi, nüvə silahlarının yayılması COVID-19 kimi aktual çağırışların aradan qaldırılması üçün zəruri olan ilkin şərt beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

“Qlobal əməkdaşlığın qlobal disfunksiyadan üstün olması üçün hələ gec deyil, lakin bu, dövlətlərdən və onların siyasi liderlərindən illərlə alışdıqları konservativ kursu dəyişərək, yeni yanaşmalar ortaya qoymağı tələb edir. Dünyada olan problemləri, cərəyan edən hadisələrin gedişatını qabaqlamağı bacaran, müasir çağırışlara dərhal və adekvat cavab verməyi bilən siyasətçi və lider kimi tanınan cənab Prezident İlham Əliyev ən ali kürsülərdən bəyan etmişdir ki, COVID-19 pandemiyası ilə mübarizə aparmağın yeganə effektiv yolu bütün dünya ölkələrinin ümumi səylərinin ortaya qoyulmasıdır.

Təəssüflər olsun ki, bir sıra institutlar və sistemlər bu məsələdə manipulyasilarla məşğul olur və bunu təşviq edirlər. Bu maraq qruplarının peyvəndləşmə məsələsində atdığı addımların, qəbul etdiyi qərarların ümumbəşəri deyil, qaliblər və uduzanlar kimi qruplara bölünməsi ilə nəticələnəciyini aydın dərk edən dövlət başçımız peyvənd millətçiliyini, varlı və kasıb ölkələr arasında fərq qoyularaq ədalətsiz peyvənd bölgüsünü hər zaman pisləmişdir.

Dünya ölkələrinin əksəriyyəti bu məsələyə necə cavab verəcəkləri barədə çaşqınlıq içində olub, özlərinə qapandıqları bir vaxtda Azərbaycan ən kritik məqamlarda belə, hətta ərazisində faktiki olaraq müharibə getməsinə baxmayaraq müharibə dövründə də ümumbəşəri bəla olan COVID-19 pandemiyası ilə bağlı təşəbbüslər irəli sürən, beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Vaksinləşdirmə prosesində sadəcə öz əhalisini təmin edib, bu işdə liderlərdən biri olması ilə kifayətlənməyən dövlətimiz indiyə qədər 80-ə yaxın ölkəyə birbaşa və ÜST xətti ilə maliyyə və humanitar yardım etmiş hətta bir sıra ölkələrə təmənnasız olaraq COVID-19 əleyhinə vaksinlər göndərmişdir”, – deyə politoloq bildirib.

O qeyd edib ki, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən dövlət başçımız Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini elan etmişdi.

“Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul edildi. Bu, bir tərəfdən Azərbaycanın ümumbəşəri məsələlərə verdiyi dəyərin bariz nümunəsidirsə, digər tərəfdən də Azərbaycanın müxtəlif məsələlərdə, bir neçə əsas istiqamətlər üzrə sözübütöv, etibarlı tərəfdaş ölkəsi imicini formalaşdırdığının əyani sübutudur.

Cənab Prezident İlham Əliyevin aldığı uzaqgörən və effektiv qərarların nəticəsidir ki, bu gün Azərbaycan dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa dəyər verən, öz dostlarını heç vaxt darda qoymayan, ümumbəşəri, humanist dəyərlərə ədalətli və həssas yanaşan, beynəlxalq hüququn bütün norma və prinsipləri əsasında qərarlar qəbul edən, buna müvafiq addımlar atan, insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etməyən bir ölkə kimi dünyada tanınır, dövlət başçımızın haqlı və mərd duruşu dünya liderləri tərəfindən də təqdir olunur”, – deyə Ş.Həsənova vurğulayıb.

Teqlər: