BMT-Azərbaycan: tərəfdaşlığın 30 illiyi

Bu gün, martın 2-də biz Azərbaycan Respublikasının Birləşmiş
Millətlər Təşkilatına (BMT) üzv olmasının 30 illiyini qeyd edirik.
1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyası Nyu-Yorkda
keçirilən 46-cı sessiyasının 82-ci plenar iclasında qəbul etdiyi
46/230 saylı qətnamə ilə Azərbaycanı və digər səkkiz keçmiş sovet
respublikasını BMT-yə yeni üzv kimi qəbul edib. Əslində, 1960-cı
ildəki dekolonizasiyadan sonra 1992-ci il BMT-nin ən çox üzv qəbul
etdiyi bir il oldu.

Yeni müstəqil dövlət olaraq Azərbaycan 1990-cı illərin
əvvəllərində baş verən münaqişə üzündən ağır çətinliklərlə
üzləşmişdi. Məhz bu səbəbdən BMT ilə Azərbaycan arasında
tərəfdaşlığın ilk illərində BMT-nin yardımı əsasən qaçqınların və
məcburi köçkünlərin təcili ehtiyaclarını qarşılamaqdan ibarət idi.
BMT-nin ixtisaslaşmış agentlikləri 600,000-dən çox məcburi köçkünü
və 200,000 qaçqını qida, səhiyyə xidmətləri, sığınacaq və digər
qeyri-ərzaq məhsulları ilə təmin etmişdi. Hökumətin, yerli
icmaların və beynəlxalq tərəfdaşların birgə səyləri genişmiqyaslı
yerdəyişmənin kütləvi aclıq və epidemiyalar kimi ən faciəvi
nəticələrinin qarşısının alınmasında mühüm rol oynayıb.

Növbəti illərdə isə BMT-nin dəstəyi münaqişədən sonrakı bərpa
prosesləri və uzunmüddətli inkişaf ehtiyacları istiqamətində olub.
Nisbətən qısa müddət ərzində Azərbaycan keçid iqtisadiyyatından
yüksək insan inkişafı indeksinə malik yüksək orta gəlirli ölkəyə
çevrilib. 1995-2019-cu illər arasında ölkənin İnsan İnkişafı
İndeksinin göstəricisi 25,2% artaraq 0,604-dən 0,756-ya qədər
yüksəlib. Bu dövrdə Azərbaycanda yoxsulluğun səviyyəsi 49,0%-dən
5%-ə enib, adambaşına düşən Ümumi Milli Gəlir isə təxminən 79,4%
artıb.

Son 30 ildə Azərbaycan iqtisadi artım və insan inkişafı
baxımından nəzərəçarpacaq irəliləyiş əldə edib. BMT-Azərbaycan
münasibətləri isə yardıma əsaslanan əməkdaşlıqdan tərəfdaşlığa
əsaslanan əməkdaşlığa çevrilib.

BMT-yə üzv olduqdan sonra Azərbaycan dayanıqlı inkişafa dair
müştərək öhdəliyimizə öz töhfəsini verməklə bərabər, BMT
Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə uyğun olaraq
hərtərəfli və geniş əhatəli gündəlikdə fəal iştirakını davam
etdirib. Bu səylər qlobal səviyyədə də tanınıb və qəbul olunub –
155 üzv dövlət Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsinə səs verib.

COVID-19 pandemiyası dövründə Azərbaycan bir daha çoxtərəfliliyə
sadiqliyini nümayiş etdirərək, məsuliyyətli tərəfdaş qismində
pandemiya ilə mübarizə üzrə regional və qlobal səylərə töhfə verib.
Qoşulmama Hərəkatının sədri kimi, Azərbaycan Respublikası
COVID-19-a cavab olaraq BMT Baş Assambleyasının Xüsusi Sessiyasının
keçirilməsi təşəbbüsü ilə çıxış etməklə bərabər, COVID-19-a qarşı
qlobal təşəbbüslərə maliyyə dəstəyini ayırıb.

Bundan əlavə, zəngin multikulturalizm və dini tolerantlıq
ənənələrinə malik Azərbaycan son illərdə bir sıra yüksək səviyyəli
tədbirlərə ev sahibliyi etməklə müxtəlif millətlər və xalqlar
arasında mədəniyyətlərarası dialoqun və anlaşmanın
genişləndirilməsi rolunu öz üzərinə götürüb.

Əminəm ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə
Milli Prioritetlər”
strategiyasının tətbiqi ilə Azərbaycan
özünü yüksək rifah cəmiyyətinə malik qabaqcıl iqtisadiyyata
çevirmək istəklərini həyata keçirəcək.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olmaq, daha yaxşı inkişaf etmək, eləcə də
COVID-19 pandemiyası və son münaqişənin fəsadlarını aradan
qaldırmaq səylərini dəstəkləməyə davam edəcək.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olmaq, eləcə də gələcəkdə daha yaxşı inkişaf
etmək və COVID-19 pandemiyasından və son münaqişədən sonra bərpa
prosesi çərçivəsində səylərini dəstəkləməyə davam edəcək.

2021-ci ildə BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan
Hökuməti 2021-2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə
Əməkdaşlığa dair Çərçivə (UNSDCF) sənədini imzalayıblar. Çərçivə
sənədi tərəfdaşlıq üçün dörd prioritet sahəni müəyyən edir:
həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım; dövlət
və sosial xidmətlərin daha yaxşı göstərilməsi üçün daha güclü
institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə
mübarizə; və qadın və qızların səlahiyyətlərini artıran və gender
bərabərliyinə əsaslanan cəmiyyət.

Bunların hər biri çox iddialı hədəfdir və onlara çatmaq üçün
daha qətiyyətli tədbirlər və cəmiyyətin bütün təbəqələrinin
səfərbərliyi tələb olunur. Rezident Əlaqələndirici kimi mən BMT
ailəsinə rəhbərliyim çərçivəsində bu hədəfləri Dayanıqlı İnkişaf
Məqsədlərinə doğru ölçülə bilən tərəqqiyə çevirmək üçün inteqrasiya
olunmuş həllərin hazırlanması və həyata keçirilməsində Azərbaycan
Hökuməti və xalqı ilə sıx əməkdaşlıq edəcəyəm.

Biz Azərbaycana daha güclü, daha ədalətli və daha firavan
cəmiyyət qurmağa kömək edə bilən və insanlara, sülhə, dayanıqlı
həll yollarına, habelə ən həssas təbəqələrin ehtiyaclarına cavab
verən təsisatlara sərmayə yatıran strategiyamızı davam
etdirəcəyik.

Vladanka Andreeva
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi

Teqlər: