Bizim vəzifəmiz Bakıda keçirilən Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının finalında yaxşı nəticə göstərməkdir – ABŞ idmançıları

Xəbər - Cani Babayeva – Trend:

Bizim vəzifəmiz Bakıda keçirilən Akrobatika gimnastikası üzrə
Dünya Yaş Qrupları Yarışlarının finalında yaxşı nəticə
göstərməkdir.

Bu barədə cümə günü AzerTimes-a Bakıda keçirilən akrobatika
gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının iştirakçıları,
12-18 yaş kateqoriyasında qadın cütlükləri arasında mübarizə aparan
ABŞ idmançıları Ellison Stoun və Ayla Varqas bildiriblər.

“Təsnifatda çıxış yaxşı keçdi, indi bizdə final var. Biz burada
olmaqdan qürur duyuruq. Hər zaman bizə rəhbərlik edən və
məqsədlərimizə çatmağımıza kömək edən gözəl məşqçimiz var. Biz
Bakıdakı bu yarışlara gəlməyi çox istəyirdik. Uğurlu çıxışımızla
həm məşqçi, həm də ailə üzvlərimizi sevindirdik. İndi bizim
vəzifəmiz – finalda proqramı yerinə yetirməkdir”, – idmançılar
bildirib.

Onlar altı yaşından idman gimnastikası ilə məşğul olduqlarını və
gələcəkdə bir neçə əlamətdar beynəlxalq yarışda iştirak etməyi
planlaşdırdıqlarını qeyd ediblər.

İdmançılar həmçinin yarışların Bakıda təşkilindən məmnun
qaldıqlarını bildirib, Milli Gimnastika Arenasında yaradılan gözəl
şəraitdən danışıblar.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

Teqlər: