“Bizim həyət” layihəsi çərçivəsində Yevlaxda 600 sakinin yaşadığı həyət abadlaşdırılıb (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Yevlax şəhərində 600 nəfər sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

IDEA İctimai Birliyindən AzerTimes-a verilən məlumata görə, yenilənmiş həyət Yevlax şəhərində Heydər Əliyev prospekti 10 saylı binanın ərazisini əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə futbol meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün əyləncə qurğuları və oyun meydançası salınıb.

Sahəsi 1,0 ha olan həyətin ərazisində həmçinin söhbətgah və oturacaqlar, açıq havada şahmat meydançası, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətə işıqlandırma dirəkləri quraşdırılıb, binanın fasadı, dam örtüyü və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 60 ədəd ağac əkilib və yaşıllıq zolağı salınıb.

Qeyd edilməlidir ki, sözügedən həyət “Bizim həyət” layihəsi çərçivəsində Yevlaxda abadlaşdırılan ilk həyətdir.

Teqlər: