Biz həmişə Azərbaycana böyük məmnuniyyətlə gəlirik – Qazaxıstanlı gimnast

Xəbər - Cani Babayeva – Trend:

Biz həmişə Azərbaycana böyük məmnuniyyətlə gəlirik.

Bu barədə AzerTimes-a
Qazaxıstan idmançısı, Bakıda batut gimnastikası üzrə Dünya Kuboku
yarışlarının iştirakçısı İqor Qraçov bildirib.

“Azərbaycan gözəl ölkədir, Bakı gözəl şəhərdir. Qazaxıstan
yığması burada təkcə yarışlarda deyil, həm də təlim-məşq
toplanışlarında olur. Bakıda yarışların təşkili həmişə ən yüksək
səviyyədədir – rahat zal, əla avadanlıq, idmançılara məhsuldar məşq
və uğurlu çıxışlar üçün lazım olan hər şey var”, – deyə İ.Qraçyov
vurğulayıb.

Qazaxıstanlı gimnast yarışdakı çıxışından danışaraq, onun yaxşı
keçdiyini qeyd edib:

“Hazırda yeni qaydalar olduğundan, eyni kombinasiyanı yerinə
yetirmək üçün iki cəhdimiz olub. İkinci çıxışda kombinasiyanı daha
yaxşı etməyə bacardım. Ola bilsin ki, biz hələ yeni qaydalara tam
uyğunlaşmamışıq, amma ümumilikdə onların mahiyyəti başa
düşmüşük”.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Teqlər: