Biz bacarmadıq, YAP bacardı – təbrik edirəm!

Biz bacarmadıq, YAP bacardı – təbrik edirəm!

Xalqımızı, cənab Prezidenti, Birinci vitse-prezidenti, hörmətli sədr, sizi və Yeni Azərbaycan Partiyasından olan həmkarlarımı xüsusilə təbrik etmək istərdim. Biz həqiqətən də 1991-ci ilin sərhədlərində ərazi bütövlüyümüzü bərpa etmişik.

AzerTimes xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat əlavə edib ki, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Qarabağ hərəkatından yarananda qarşısına iki əsas məqsəd qoymuşdu:

“Birincisi, ölkənin ərazi bütövlüyünü təmin eləmək, ikincisi isə müstəqilliyə nail olmaq. Biz müstəqilliyə nail olsaq da, Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyini bərpa edə bilmədik. Bu missiyanı Yeni Azərbaycan Partiyası yerinə yetirdi. Ona görə, əlbəttə, Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Biz bu parlament tribunasından növbəti dəfə Ermənistana müraciət eləməliyik ki, onlar Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoysunlar. Naxçıvana gediş-gəlişi təmin etməlidirlər. Bu ölkənin gələcəyi Azərbaycanla, qardaş Türkiyə ilə dostluqdan, kommunikasiya xətlərinin açılmasından keçir. Bölgənin gələcək inkişafı və Ermənistanın bir dövlət kimi mövcudluğu, əmin-amanlıq içərisində yaşaması qonşuları ilə normal münasibətlər qurmasından keçir. Ermənistan xalqı, Ermənistan siyasi rəhbərliyi bunu nə qədər tez başa düşsə, bu, bölgənin inkişafına bir o qədər böyük təkan vermiş olacaq”.

Teqlər: