Birgə bəyanat: Sülh sazişi 15 günə mümkündür?

Birgə bəyanat: Sülh sazişi 15 günə mümkündür?

Baş verən son hadisələr zahirən çox normal görünür və gedişatın müsbət istiqamətdə olduğunu təsdiq edir. Lakin Ermənistanda sülh müqaviləsi ilə bağlı verilən açıqlamalarda parlament sədri Alen Simonyanın önə çıxması və hətta bir neçə gün sonra sülh müqaviləsinin imzalanmasının mümkünlüyü haqqında danışması müəyyən sual doğurur.

Bu sözləri AzerTimes-a açıqlamasında professor Qabil Hüseynli əsir mübadiləsi haqda qərarın Ermənistan parlamentinin sədri Alen Simonyanın sülh sazişi haqda ötəngünkü açıqlamasının davamı olma ehtimalı haqda danışarkən deyib.

O, Simonyanın sözlərinin ağlabatan olmadığını bildirib:

“Fikrimcə, Simonyanın açıqlaması daxili və beynəlxalq ictimai rəyə hesablanıb. Burada müəyyən təbliğat elementlərinin olduğunu düşünürəm. Ermənistan sülh məsələsindən dünyada təbliğat vasitəsi kimi istifadə etməyə və özünü sülhpərvər ölkə kimi tanıtmağa çalışır. Rəsmi İrəvan Bakıya altıncı təkliflər paketini göndərib. Amma onun ətraflı şəkildə müzakirəsi müəyyən vaxt tələb edir. Müzakirələr zamanı yeni şərtlər də ortaya çıxa bilər. Məsələn, əgər Ermənistan ermənilərin Qarabağa və ölkəmizin digər rayonlara qaytarılmasını istəyirsə, biz də onlardan Qərbi Azərbaycandan çıxarılanların ləyaqətli şəkildə geri qaytarılmasını istəyə bilərik. Simonyan əgər Azərbaycanın təklifini qeyd-şərtsiz qəbul etdiyini bildirsəydi, bəlkə də ona inanmaq olardı”.

Qeyd edək ki, Alen Simonyan dünən verdiyi açıqlamada “Bakının hər hansı şərti olmayacağı halda” sülh sazişinin 15 günə bağlana biləcəyini demişdi.

Teqlər: