“Azərbaycan Hava Yolları” aviaşirkəti turoperator PAŞA Travel
ilə birgə yenidən Çernoqoriyaya çarter reyslərinin yerinə
yetirilməsinə başlayacaq.
“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a
bildirilib ki, AZAL və PASHA Travel 2022-ci ilin yay uçuş cədvəli
çərçivəsində Çernoqoriyaya çarter proqramının bərpası barədə
razılığa gəlib. Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı –
Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri
yerinə yetiriləcək.
Çernoqoriyanın müasir kurort şəhəri olan Tivat Vrmas
yarımadasında Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat
Beynəlxalq Hava Limanı – Çernoqoriya sahilində yeganə hava
limanıdır və onun ən məşhur kurortları yaxınlığında yerləşir.
Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan
vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.
Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının
akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin
dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom
sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq
və isti qidalalar daxildir.
Çernoqoriyaya turizm paketləri həmçinin Azərbaycanın bütün
turizm agentliklərində satışa çıxarılır.
AZAL və PASHA Travel 2017-ci ildən bu istiqamət üzrə uğurla
əməkdaşlıq edir.
Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş daşıma şərtlərinə
uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində
uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Çernoqoriyaya getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan
əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı
link vasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-montenegro.
Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı linkdən
ətraflı tanış olmaq olar: https://www.azal.az/ru/information/covid-azerbaijan.