Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına
əsasən, Rumıniyanın Kluj və Kovasna inzibati ərazi vahidlərində
süngərvari ensefalopatiya, Amerika Birləşmiş Ştatlarının Texas,
Şimali Karolina, Şimali Dakota, Minnesota, Men, Nebraska və
Nyu-York ştatlarında, Filippinin Benqet və Şimali Kotabato
əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə
alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən
Trend-ə verilən məlumata görə, respublika ərazisinin başqa
ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması
məqsədilə Rumıniyanın Kluj və Kovasna inzibati ərazi vahidlərindən
bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara
aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan
mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, Amerika Birləşmiş
Ştatlarının Texas, Şimali Karolina, Şimali Dakota, Minnesota, Men,
Nebraska və Nyu-York ştatlarından, Filippinin Benqet və Şimali
Kotabato əyalətlərindən OIE-nin “Quruda yaşayan heyvanların
sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla,
diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş
emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan
alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv
edilməsini təmin edən termik emala məruz qalan mallar istisna
olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli,
kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem
əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı
üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan
ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların
Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq
olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə
Rumıniyadan, Amerika Birləşmiş Ştatlarından və Filippindən gələn,
yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq
tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsinə müraciət olunub.