Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 2
nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə
YAP Xətai rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə
həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 2
nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə
Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir
keçirilib.
YAP Xətai rayon təşkilatında keçirilən tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Əvvəlcə tədbir iştirakçıları 2 nömrəli Uşaq-Gənclər İnkişaf
Mərkəzində təhsil alan şagirdlərin faciəyə həsr etdikləri rəsm
əsərləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri
Vüqar Rəhimzadə bildirib ki, tariximizə XX əsrin ən dəhşətli
faciəsi kimi yazılan Xocalı soyqırımının 30-cu ildönümünü ürək
ağrısı ilə qeyd edirik: “Xocalı faciəsi xalqımıza qarşı törədilmiş
amansız soyqırımı aktı idi. Vandal ermənilər tərəfindən Xocalıda
azərbaycanlılar görünməmiş vəhşiliklə qətliama məruz qaldılar”.
V.Rəhimzadə qeyd edib ki, azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti yürüdən ermənilərin ötən əsrdə törətdikləri qırğınların
hər biri təkcə xalqımız deyil, bütövlükdə bəşər tarixi üçün böyük
faciədir: “Onların arasında isə Xocalı soyqırımı ağlasığmaz
dəhşətləri ilə fərqlənir. Xocalı soyqırımını törətməklə hərbi
təcavüzün miqyasını daha da genişləndirən Ermənistanın apardığı
etnik təmizləmə siyasəti nəticəsində xalqımız misli-bərabəri
olmayan faciələrlə üz-üzə qaldı. Tarixi torpaqlarımızın işğalı
zamanı 20 min soydaşımızın həyatına son qoyuldu. Bir milyondan çox
soydaşımız öz yurd-yuvalarından didərgin düşdü. Onların hüquqları
kütləvi şəkildə, kobudcasına pozuldu”.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Xocalı faciəsi
1992-ci ildə törədilsə də, təəssüflər olsun ki, istər o dövrdə
iqtidarda olanlar, istərsə də ondan sonra hakimiyyəti zəbt etmiş
bədnam AXC-Müsavat cütlüyü bu qanlı hadisəyə siyasi və hüquqi
qiymət vermək üçün özlərində cəsarət tapa bilmədilər. Bu ağlasığmaz
soyqırımı aktına ilk hüquqi-siyasi qiymət ümummilli liderimiz
Heydər Əliyev Naxçıvan Müxtar Respublikası Ali Məclisinin Sədri
olarkən, daha sonra isə Ulu Öndərin xalqın təkidli tələbi ilə
Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə
verildi.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir
cinayətdir” deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü
il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında”
qərar qəbul etdi: “Ulu Öndərin siyasətinin layiqli davamçısı
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində artıq
bir çox dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırımı kimi
tanıyır və ildən-ilə bu ölkələrin sayı artmaqdadır. Həmçinin Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” kampaniyası bu
siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ
həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Kampaniya
bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırda
100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.
Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar,
seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə
çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir”.
Vüqar Rəhimzadə xatırladıb ki, yanvarın 28-də Prezident İlham
Əliyev Xocalı soyqırımının 30-cu ildönümü haqqında Sərəncam
imzalayıb: “Sənəddə Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə
əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin
etmək tapşırılıb. Fevralın 26-da hər il olduğu kimi, faciənin
ildönümü ilə əlaqədar izdihamlı yürüş təşkil olunacaq.
Ümumiyyətlə faciənin ildönümlərində paytaxtın Azadlıq
meydanından Xocalı abidəsinə doğru on minlərlə insanın iştirakı ilə
keçirilən yürüşlər soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad
etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu
vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq
məqsədi daşıyır”.
YAP Xətai rayon təşkilatının sədri Xocalı faciəsini əks etdirən
kompozisiyanın hazırlanmasına görə 2 nömrəli Uşaq-Gənclər İnkişaf
Mərkəzinin müəllim və şagird kollektivinə öz təşəkkürünü bildirib:
“Azərbaycanın zəngin tarixinin öyrənilməsi, nəsildən-nəslə
ötürülməsi, faciələrimizin unudulmaması üçün belə tədbirlərin
keçirilməsi çox vacibdir”.
Daha sonra şagirdlərin iştirakı ilə “Bir gecənin fəryadı” adlı
ədəbi-bədii kompozisiya nümayiş olunub.