Biabırçılıq: Müsavat 5 min üzv çıxara bilmədi

Biabırçılıq: Müsavat 5 min üzv çıxara bilmədi

Ədliyyə Nazirliyindən Müsavat Partiyasının yenidən qeydiyyatı ilə bağlı mənfi cavab verilib.

AzerTimes xəbər verir ki, bu barədə partiyanın başqanı Arif Hacılı bildirib.

“Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir.

Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib, həll edəcəyik.

Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”, – deyə Arif Hacılı vurğulayıb.

Qeyd edək ki, təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyi partiyalara 5 min üzvünün olmasını təsdiqləyən dəqiq məlumatlar verməyi tələb edir. Müsavat Partiyasının niyə minimum rəqəm (5212) təqdim etməsi, niyə məhz rədd cavabı aldıqdan sonra “daha bir neçə min müsavatçının siyahısını” əlavə edəcəyi qəribədir. Müsavat Partiyası əvvəlcədən “minimum rəqəmdən” bir neçə dəfə artığını təqdim edə bilməzdimi?

Görünür, Müsavat Partiyası da cəmi 5 min üzv siyahısı təqdim etməkdə çətinlik çəkənlər sırasına qoşulub.

Teqlər: