Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qərb küləyinin
sürətinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi
proqnozlaşdırılırdı.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova
AzerTimes-a bildirib ki, bu saata olan məlumata görə, respublikanın
bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda
fəsadlar törədib. Belə ki, Gəncə şəhərində martın 19-da bir neçə
ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü
zədələnib.
“Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam
edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda
qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv
olacağı ehtimalı var”.
G.Məmmədovanın sözlərinə görə, qərb küləyinin sürətinin arabir
15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi
gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı
var.