Bəzi kommersiya qurumları gəncləri heç bir hüquqi əsas olmadan könüllü fəaliyyət adı altında öz işlərinə cəlb edirlər – Könül Nurullayeva

“Bəzi kommerisiya qurumları gəncləri heç bir hüquqi əsas olmadan könüllü fəaliyyət adı altında öz işlərinə cəlb edirlər. Belə halların baş verməsi könüllü əməyinin bir növ də istismar olunmasına səbəb olur.”

Milli Məclisin deputatı Könül Nurullayeva belə deyib.

Onun sözlərinə görə, könüllülərdə ruh yüksəkliyi yaratmaq, könüllü fəaliyyətə təşviq etmək üçün onların əməyinin qiymətləndirilməsi mütləqdir. İmperativ norma kimi əmək qanunvericiliyində könüllərin maliyyələşdirilməsinin əsasları yaradılmalı, onlara əmək kitabçasının açılması məsələsi həll edilməli, könüllülərin sığorta olunması məsələləri tətbiq olunmalıdır: “Gənclərin könüllü fəaliyyətdə olduğu müddət ərzində çəkdiyi xərcləri nəzərə alsaq, yol, qida və s. ehtiyacları fəaliyyət göstərdiyi orqan, təşkilat tərəfindən təmin olunsa, daha müsbət addım ola bilər və daha çox gəncimiz könüllü fəaliyyətə cəlb olunar. Həmçinin, beynəlxalq tədbirlərin regionlarda da keçirilməsinə üstünlük verilməsi regionlardan olan könüllülərin sayının artmasına, gənclərin könüllülük fəaliyyətinə həvəsləndirilməsinə səbəb ola bilər.”

Deputat bildirib ki, könüllülüyün təbliğ olunması baxımından təşviqat materiallarının, sosial çarxların və reklamların hazırlanması, bu mövzuya müxtəlif sahələrdə toxunulması olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki könüllülük mühüm sosial institutdur, cəmiyyətin qarşılıq gözləmədən inkişafı üçün stimuldur.

Millət vəkili qeyd edib ki, könüllülərin maraq və mənafeyini nəzərə almaqla mövcud normativ aktlara yenidən baxmalıyıq: “Bu sahədə normativ boşluqları aradan qaldırmaqla, könüllülük fəaliyyətinə dəstək verməklə gəncliyimizə dəstək vermiş olarıq”.

Teqlər: