Bəzi adamlara iqtidarı ittiham etmək üçün “qurbanlar” lazımdır

Bəzi adamlara iqtidarı ittiham etmək üçün “qurbanlar” lazımdır

AzerTimes millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

– Qüdrət bəy, Əli Əliyevin əfvinə və bağışlanması barədə prezidentə müraciət etdiyi üçün “iqtidara təslim olmasına” dair ittihamlara münasibətinizi bilmək istərdik.

– Onun əfv olunmaq üçün müraciət etməsini, Prezidentin də onun partiya sədri olmasını və müraciətini nəzərə alaraq bağışlamasını düzgün qərarlar hesab edirəm. Bəzi adamlara iqtidarı ittiham etmək üçün “qurbanlar” lazımdır. Onları həbs olunan şəxslərin və ailə üzvlərinin üzləşdiyi məhrumiyyətlər düşündürmür. Belələrinin nə dediyinə əhəmiyyət vermək lazım deyil.

Əli Əliyev azadlığa çıxandan sonra mətbuata verdiyi ilk açıqlamada bəyan etdi ki, azadlığa çıxması üçün səbəbkarlara təşəkkür edir və bir çox məsələləri nəzərə alıb siyasi fəaliyyətində taktiki addımlarına yenidən baxacaq. O özü də fərqindədir ki, əvəllər olduğu kimi, mötədil siyasətçi olaraq cəmiyyətə daha çox fayda verə bilər. Ölkəmizin daxilində və ətrafında baş verənlər nəzərə alınmadan atılan radikal addımlar iqtidar tərəfindən də adekvat qərarların qəbul edilməsinə rəvac verir. Cəmiyyət isə bundan heç nə qazanmır, qütbləşir,cəmiyyətdə qorxu mühüti güclənir, gənclər siyasətdən kənar durur. Düşmənçilik islahatların da gecikdirilməsinə səbəb olur. Təəssüf ki, bir qrup gerizəkalı olduğundan bunu başa düşmür, digərləri isə kənardan yönləndirildiklərindən cəmiyyətimiz üçün faydalı olan qərarlar qəbul edə bilmirlər.

– İqtidar təmsilçilərinin Türkiyədəki seçkilərlə bağlı Ərdoğana açıq dəstəklərini ifadə etmələrini az qala Türkiyənin daxili işinə qarışma kimi qiymətləndirənlər nə dərəcədə haqlıdırlar?

– Qərb dünyası Kılıçdaroğluna açıq dəstəyini ifadə edir. O zaman niyə bu dəstək antidemokratik və daxili işlərə qarışma hesab olunmur, amma 44 günlük savaşda Azərbaycanın yanında olan Ərdoğana sayğının ifadə olunması Türkiyənin daxili işinə qarışmaq olur? Bəziləri özlərinə haqq qazandırmaq üçün deyirlər ki, bəlkə Kılıçdaroğlu prezident seçilsə Azərbaycana daha çox dəstək verəcək. Kılıçdaroğlu 2010-cu ildən ana müxalifət partiyasının sədridir, nə vaxt onu Türkiyə iqtidarını torpaqlarımızın işğaldan azad olunmaı üçün daha çox kömək etmədiyinə görə tənqid etdiyini görmüsünüz? Yaxud bu məqsədlə hansısa etiraz aksiyası keçirdiyini?

Ərdoğanı Azərbaycanda, Qərbdən yönləndirilənlərdən başqa, bütün siyasi qüvvələr dəstəkləyir. Qardaş Türkiyə xalqı azərbaycanlıların, türk dünyasının Ərdoğana olan hörmətini görürlər, amma qərarı onlar verəcək. Türkiyə vətəndaşları kimi seçəcəklərsə Azərbaycan hökuməti də qardaş xalqın iradəsinə hörmət edib onun seçdiyi hökumətlə əl-ələ verib işləyəcək. Bu gün Ərdoğanı dəstəkləyənləri tənqid edənlər ABŞ-da son prezident seçkiləri zamanı Trampı aşağılayıb Baydeni necə dəstəklədiklərini nə tez unutdular. Hansısa ölkədə hər hansı namizədə yüksək ehtiramın ifadəsi həmin ölkədə seçkilərə müdaxilə hesab oluna bilməz. Əksinə, qutu başına gələn seçici bilməlidir ki, hansı namizəd hansı ölkə ilə hansı səviyyədə əlaqə qura biləcək və bu onun ölkəsinin maraqlarına nə dərəcədə cavab verir.

– Qüdrət bəy, mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən nəsə gözləməyə dəyərmi?

– Heç kim işğalçı Ermənistana qonşu dövlətin ərazi bütövlüyünü tanıması və onun daxili işlərinə qarışmaması üçün təzyiq etmir. Vasitəçilər problemin həllində maraqlı deyil. Bunu istəyənlər də Azərbaycanın güzəştləri hesabına sülh istəyirlər. Bu isə nəinki qəbuledilməzdir, həm də dünya üçün çox pis presedent yaradar. Erməni diasporasının əsiri olan islamafoblardan ədalətli vasitəçi olmalarını gözləməyə dəyməz. Biz danışıqları davam etdirməklə yanaşı, Qarabağ üzərində dövlət suverenliyini bərpa etmək barədə düşünməliyik. Bu halda daha ədalətli sülhə nail ola bilərik. Davamlı sülh üçün Rusiya və Türkiyə ilə daha intensiv işləməliyik. Danışıqlarda nəticə olacaqsa, bunu yalnız möcüzə adlandırmaq lazım gələcək.

Teqlər: