Beynəlxalq Mərkəzdən Ermənistana “Xocalını etiraf et” çağrışı (FOTO)

Regionda dayanıqlı sülh üçün Ermənistan Xocalı
soyqırımına görə üzr istəməlidir.

AzerTimes xəbər verir ki, bu
çağırışı “Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq
Mərkəzi”nin sədri Giorgiy Tatar bu gün ATƏT-in mərkəzi qərargahında
səsləndirib.

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın Avstriyadakı
Səfirliyi, Beynəlxalq Münasibətlərin Təhlili və Kommunikasiya
Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sülh və
ədalət”
mövzusunda beynəlxalq tədbirdə çıxış edən tanınmış
Mərkəz rəhbəri 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı
haqqında geniş məlumat verərək bu cinayəti XX əsrin sonlarının ən
qanlı faciələrindən biri adlandırıb, Ermənistanla Azərbaycan
arasında dayanıqlı sülh quruculuğunda əsas maneələrdən biri kimi
dəyərləndirib.

Natiq 44-günlük müharibənin Qarabağ münaqişəsinə son qoyaraq,
Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin
normallaşması, xalqlar arasında nifrət və düşmənçiliyin tədricən
aradan qaladırılması üçün şərait yaratdığını qeyd edib. Eyni
zamanda, o, “Xocalıya Ədalət” kampaniyası nəticəsində geniş
beynəlxalq müstəvidə soyqırımı kimi tanınan Xocalı faciəsinə məhz
Ermənistanın adekvat qiymət verməməsinin regionda gedən normallaşma
prosesi üçün ciddi maneələr təşkil etdiyini qeyd edib. Bu faciənin
törədilməsinə görə Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyət
daşıdığını vurğulayan natiq Yerevanın bu cinayətə görə faciə
qurbanlarından üzr istəməsinin həm Ermənistanın öz qaranlıq keçmişi
ilə hesablaşmasına, həm də regionda dayanıqlı sülhə xidmət
edəcəyini bildirib.

Post-münaqişə dövründə sülh quruculuğu üzrə beynəlxalq təcrübəyə
istinad edən G. Tatar rəhbərlik etdiyi beynəlxalq mərkəzin Xocalı
qurbanları üçün ədalət və regionda sülh naminə, “Barışıq
üçün etiraf et”
təşəbbüsünə başladığını elan etdi.
Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimaiyyətin təsiri ilə
Ermənistan tərəfindən faciənin tanınmasına nail olunması ilə
yanaşı, Azərabaycan və Ermənistan cəmiyyətləri arasında dialoqa
xidmət etməsi və post-münaqişə dövrü üçün “keçid ədalətinin” təmin
edilməsidir.

Xocalı faciəsinin 30 illiyinə həsr edilmiş təşəbbüs ətrafında
yaxın vaxtlarda geniş beynəlxalq koalisiyanın qurulmasının nəzərdə
tutulduğunu qeyd edən G.Tatar koalisiyanın insan haqları
təşkilatları və nüfuzlu ekspertlər üçün açıq olduğunu qeyd edib.
Təşəbbüs çərçivəsində tədbirlər bu il ərzində davam
etdiriləcəkdir.

Qeyd edək ki, Giorgiy Tatar uzun illər Macarıstan Xarici İşlər
nazirliyində, Avropa Şurasının katibliyində müxtəlif postlarda
çalışıb, 2010-cu ildən “Soyqırımı və Kütləvi Qırğınların Qarşısının
Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzi”nin sədridir.

Teqlər: