Beynəlxalq Cinayət Məhkəməsi qərəzli yanaşmasından əl çəkməli və Ermənistanın cinayətlərini araşdırmaq üçün missiya göndərməlidir – pakistanlı ekspert

Bu yaxınlarda məlum oldu ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya
ilə münaqişə fonunda faktların öyrənilməsi və həqiqətin üzə
çıxarılması üçün Ukraynaya 40-dan çox müstəntiq göndərəcək. Lakin
ikinci Qarabağ müharibəsi zamanı rəsmi Bakının beynəlxalq
təşkilatlara dəfələrlə müraciət etməsinə baxmayaraq, Azərbaycana
belə missiyalar göndərilməyib.

Bu, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan
ərazilərini azad etmək uğrunda apardığı mübarizə məsələsində
beynəlxalq ictimaiyyətin ikili standartlarını bir daha sübut edir.
İşğal dövründə beynəlxalq ictimaiyyət susdu. Beynəlxalq ictimaiyyət
bütün işğal dövründə sükutu qoruyurdu.

Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru,
pakistanlı politoloq Məhəmməd Asif Nur Trend-ə bildirib ki,
Ukrayna-Rusiya böhranı dünya ictimaiyyətinin ikiüzlü yanaşmasını
üzə çıxarıb.

“Haqsızlıq və konkret münaqişələrə qərəzli yanaşma mövzusu
dəfələrlə qaldırılıb. Bütün dünyada bir sıra münaqişələr misal
çəkmək olar, lakin dünya ictimaiyyəti Qarabağ münaqişəsində olduğu
kimi onların bir çoxuna göz yummaqda davam edir. Beynəlxalq Cinayət
Məhkəməsinin heç bir baş prokuroru insanlığa qarşı müharibə
cinayətlərini araşdırmaq üçün bölgəyə getməyib”, – deyə politoloq
bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin bu cür seçici
münasibəti qərəzli yanaşmanı əks etdirir.

“Ermənistanın humanitar böhrana səbəb olan hərbi cinayətləri
diqqətdən kənarda qaldı. Azərbaycanın rəsmi kanallar vasitəsilə
çoxsaylı müraciətlərə baxmayaraq, Beynəlxalq Cinayət Məhkəməsi
regiona faktaraşdırıcı missiya göndərməkdən boyun qaçırıb.
Beynəlxalq Cinayət Məhkəməsi və digər oxşar təşkilatların bu
qəbildən olan çağırışlara cavab verməməsi ilk dəfə deyil. Dünyanın
hər hansı bir yerində böhran varsa, münaqişələrin səbəblərini
araşdırmaq və müharibə cinayətlərinin müəyyən edilməsi bu vacib
təşkilatların vəzifəsi olmalıdır”, – deyə Məhəmməd Asif Nur
bildirib.

Politoloq qeyd edib ki, Amnesty International Ermənistan
qüvvələrinin mülki azərbaycanlılara qarşı qadağan olunmuş
sursatlardan istifadə etdiyini üzə çıxarıb.

“İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgəsindən uzaqda
yerləşən dinc Azərbaycan şəhərləri Ermənistan qüvvələrinin raket
atəşinə məruz qalıb. Nəticədə onlarla insan həlak olub, onlarla
insan yaralanıb. Həmçinin Ermənistan qüvvələri Azərbaycan
ərazilərində minalar basdırıb və bu minalar bu günə qədər dinc
əhali arasında itkilərə səbəb olur. Eyni zamanda, unutmaq olmaz ki,
Qarabağ müharibəsi başlayandan sonra yüz minlərlə azərbaycanlı öz
evlərini tərk etmək məcburiyyətində qalıb. İşğal və etnik təmizləmə
həyata keçirilib. Ermənistan qüvvələri hərbi cinayətlər törədiblər
və bunları göz ardı etmək olmaz. Onlar araşdırılmalıdır.
Ermənistanın əsl simasını bütün dünyaya göstərmək üçün bu
cinayətlər beynəlxalq arenada müzakirəyə çıxarılmalıdır”, – deyə
Məhəmməd Asif Nur bildirib.

Onun sözlərinə görə, dünya dərk etməlidir ki, ədalətin gecikməsi
ədalətdən imtina edilməsi deməkdir.

“Bundan ancaq günahsız insanlar əziyyət çəkir. Tək Qarabağda
deyil, bütün dünyada”, – deyə politoloq əlavə edib.

Teqlər: