Beynəlxalq Cinayət Məhkəməsi Azərbaycanın dinc şəhərlərinin raket atəşinə məruz qalmasını ciddi şəkildə araşdırmalıdır – ŞƏRH

Torpaqlarımızın işğal edildiyi və işğal altında saxlandığı zaman
kəsiyində olduğu kimi, günü bu gün də Azərbaycana yanaşmada heç bir
ölçüyə sığmayan haqsızlığın, ədalətsizliyin və sonu görünməyən
ikili standartların şahidi oluruq.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı
vəziyyətlə bağlı araşdırmalara başlamaları, bu məqsədlə sözügedən
məhkəmənin 40-dan artıq müstəntiqinin Ukraynaya gəlməsi, hərbi və
insanlığa qarşı cinayət faktlarının qeydə alınması, günahkarların
cəzalanması istiqamətində nüvafiq hüquqi prosedurların həyata
keçirilməsi və təbii ki, ədalətin bərqərar olunması baxımından
əhəmiyyətlidir.

“Çünki kim tərəfindən və hansı şəraitdə törədilməsindən asılı
olmayaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin
ikinci hissəsinin, 5,6,7 və 8-ci maddəsinin tələblərinə əsasən,
soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və
təcavüz cinayətləri ciddi şəkildə araşdırılmalı və günahkarlar heç
bir istisnaya yol verilmədən cəzalandırılmalıdır.

Roma Əsasnaməsinin yurisdiksiyasına daxil olan beynəlxalq
cinayətlərin təsnifatına diqqət yetirildikdə Azərbaycan xalqına
qarşı bu cinayətlərin hər birinin həyata keçirildiyini
müəyyənləşdirmək mümkündür. Məsələn, sözügedən Əsasnamənin hərbi
cinayətlərin təsnifatının yer aldığı 8-ci maddəsində qeyd olunur
ki, beynəlxalq humanitar hüququn əsasını təşkil edən 12 avqust
1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərinin pozulması
müharibə cinayətləri hesab olunur.

Bu sıraya qəsdən adamöldürmə, işgəncə və qeyri-insani davranış,
hərbi əhəmiyyət daşımayan əmlakın qəsdən və kütləvi şəkildə məhv
edilməsi, hərbi hədəf sayılmayan obyektlərə, mülki əhaliyə qəsdən
hücum, hərbi hədəf sayılmayan şəhərlərin, kəndlərin, yaşayış
yerlərinin və binaların atəşə tutulması və s. daxildir.

Təsnifat kifayət qədər geniş olduğu üçün bütün digər məqamların
sadalanmasına ehtiyac duymuram. Amma istər soyqırımı, istər
insanlığa qarşı cinayətlər, istər müharibə cinayətləri, istərsə də
təcavüz cinayətlərinin təsnifatında elə bir istiqamət yoxdur ki,
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərin
siyahısında yer almasın”, – deyə o bildirib.

E.Mirzəbəyli qeyd edib ki, Roma Əsasnaməsinin tələblərinə
əsasən, sözügedən sənəddə təsnifatı verilən cinayətlərin
araşdırılamsı ilə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunması
yolverilməzdir.

“Bu baxımdan, Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada baş verən
cinayətlərlə yanaşı, 44 günlük müharibə zamanı Gəncə, Bərdə, Tərtər
və digər dinc şəhərlərin raket atəşinə məruz qalmasını, dinc
əhalinin, o cümlədən qadın, qoca və uşaqların qətlə yetirilməsini
ciddi şəkildə araşdırmalı, bu cinayətlərə görə məsuliyyət daşıyan
şəxslərin ədalət mühakiməsinə verilməsinin təmin olunması üçün
müvafiq qərarlar qəbul etməlidir. Ədalət mühakiməsi isə obyektiv,
qərəzsiz və ikili standartlardan uzaq olmalıdır. Amma təəssüf ki,
torpaqlarımızın işğal edildiyi və işğal altında saxlandığı zaman
kəsiyində olduğu kimi, günü bu gün də Azərbaycana yanaşmada heç bir
ölçüyə sığmayan haqsızlığın, ədalətsizliyin və sonu görünməyən
ikili standartların şahidi oluruq.

Halbuki, dünyanın bütün ölkələrinin hüquq sistemində, o
cümlədən, beynəlxalq cinayətlərin təqibi zamanı cəza siyasətinin
əsasını onun çəkindiricilik funksiyası təşkil edir. Eyni hüquqi
təsnifata daxil olan cinayətlərə münasibətdə fərqli davranışların
sərgilənməsi, həmçinin ikili standartlardan çıxış edilməsi, son
nəticədə cəzasızlıq mühitinin formalaşmasına zəmin yaradır ki, bu
gün beynəlxalq cinayətlərin vüsət almasında da bu qəbuldən olan
yanaşmaların müstəsna rol oynadığı şübhə doğurmur. Bütün hallarda,
ümid edək ki, Beynəxalq Cinayət Məhkəməsinin missiyası Ukraynada
olduğu kimi, Azərbaycana qarşı törədilmiş hərbi cinayətləri də
araşdırmaq haqda düşünəcək. Əks təqdirdə, ikili standartlar
müharibə cinayətləri ilə bağlı yeni presedentlərin ortaya çıxmasına
zəmin yaradacaqdır”, – deyə o əlavə edib.

Teqlər: