Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr edilmiş konfrans keçirilib (FOTO)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki
filialında 22 May – Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr
edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıların
diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan
biomüxtəlifliyin qorunmasına yönəltmək məqsədilə təşkil edilib.

Filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət
Feyzullayevanın təşəbbüsü ilə təşkil olunan konfransda pedaqoji
fakültənin, Təbiət fənləri və onların tədrisi texnologiyası
kafedrasının rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

Tədbiri Təbiət fənləri və onların tədrisi texnologiyası
kafedrasının baş müəllimi, g.m.ü.f.d. Hüseyn Mustafabəyli açaraq
antrpogen amilin təbii ekosistemləri dağıtması nəticəsində yaranan
törəmə landşaftlardan, belə dəyişmələrin biomüxtəlifliyə təsirindən
söhbət açıb. Sonra TEC-in sədri S.Feyzullayeva erməni ekosidi,
xüsusilə, meşələrin qırılması hallarından danışıb və belə halların
aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən
tədbirlərdən bəhs edib.

Konfransda tarix və coğrafiya müəllimliyi ixtisasının lV tədris
ilinin tələbələrindən Leyla Məmmədhəsənova “Bioloji müxtəliflik və
Bioloji Müxtəliflik Gününün yaranması tarıxı”, Şəms Musayeva “Xəzər
dənizinin balıq ehtiyatları”, Nişanə Fərəcova “Qafqazın böyük
beşliyindən – ceyranlar”, Ömər Şahsöyünov “Qafqazın böyük
beşliyindən – qartallar”, Çinarə Salmanlı “Dağ keçiləri”, Ləman
Hacızadə “Dünyanın nadir quşları”, Qoşqar Çələbiyev “Qafqazın böyük
beşliyindən – bəbirlər”, Salehə Qafarlı “Heyvanlardan
öyrənəcəklərimiz”, Nəzrin Hüseynli “Xəzər suitisi”, ibtidai sinif
müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Elnarə Hüseynova
isə “Qafqazın böyük beşliyindən – qonur ayı” movzularında çıxış
ediblər.

Konfransda tarix və coğrafiya müəllimliyi ixtisasının lV tədris
ilinin tələbəsi Tərlan İbrahimov filialda mövcud olan bütün
ixtisaslar üzrə təhsil alan tələbələr arasında aparılan sosial
sorğunun nəticələrini iştirakçıların diqqətinə çatdıraraq qeyd edib
ki, sorğuda iştirak edənlərin, demək olar ki, hamısı
biomüxtəlifliyin qorunmasını vacib hesab edib və iştirakşçıların
85%-nin bu məqədlə təşkil olunan tədbirlərdə iştirak etmək
arzusunda olduqlarını bildirib.

Tədbirin sonunda pedaqoji fakültənin dekanı fil.ü.f.d., b.m.
Xalidə Abdullayeva tədbirin aktual bir mövzuya həsr olunduğunu qeyd
edərək, təşkilatçılara və maraqlı çıxışları üçün tələbərə
minnətdarlığını bildirib.

Elmi-praktik konfransdan sonra şəxsi fotolardan ibarət
“Ekoçağırışlar” sərgisinə baxış keçirilib. Sərgidə flora və
faunanın mühafizəsinə aid 35 foto nümayiş olunub. Sərgiyə təqdim
edilmiş üç ən yaxşı işin seçilməsi məqsədlə iştirakçılar arasında
səsvermə keçirilib. Ən yaxşı üç işi təqdim etmiş tələbələrin
mükafatlandırılması nəzərdə tutulub.

Qeyd edək ki, 22 may – Beynəlxalq Biomüxtəliflik Günüdür.
Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunsa da, 2000-ci il
dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji
müxtəliflik üzrə Konvensiyanın qəbul olunması genü həmçinin
Beynəlxalq Bioloji Müxtəliflik Günü (İBD) elan edilib.

Teqlər: