Beyləqanda 7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
Beyləqan rayonu ərazisində 7 yaşayış məntəqəsini əhatə edən 36
km-lik avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, torpaq yatağının eni 9, yolun hərəkət hissəsinin eni
müvafiq olaraq 6 metr təşkil edir.

Sözügedən avtomobil yolu uzun müddət istismar nəticəsində
deformasiyaya uğramışdır. Bu üzdən nəqliyyat vasitələrinin
hərəkətində çətinliklər yaratdığı üçün yolun əsaslı şəkildə yenidən
qurulmasına ehtiyac var idi.

Yenidənqurma işləri hazırda uzunluğu 8 km olan Allahyarlı yolu
istiqamətində aparılır. Görülən işlər çərçivəsində örtüyün və yol
geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq
çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası
və qazılmış hissələrin doldurulması işləri görülüb. Torpaq işləri
aparılan hissələr profilə salınıb və kipləşdirilib.

Hal-hazırda suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni
suötürücü boruların tikintisi aparılır. Texnoloji ardıcıllığa uyğun
olaraq, daha sonra yeni yol əsasınin inşası, əsasın alt layının
tikintisi, son mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi
işləri görüləcək. Layihəyə uyğun olaraq yolboyu müvcud yarasız
körpülərin yenilənməsi işləri də yerinə yetiriləcək.

“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri bitən
kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin
etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları,
zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri
quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin
birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki,
təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat
gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının
inkişafına da şərait yaradacaq.

Teqlər: