Xəbər - Samir Əli – Trend:
Bakı şəhərində küçə parklanma yerlərinin idarə edilməsinə dair
pilot layihənin əhatə etdiyi Bəsti Bağırova küçəsində yenidənqurma
işləri yekunlaşmaq üzrədir.
Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, 450 metr
uzunluğundakı küçə müasir şəhərsalma qaydalarına uyğun
piyadayönümlülüyün artırılması prinsipləri əsasında təmir
edilib.
Ərazidə asfaltlanma və nişanlanma xətlərinin çəkilməsi
yekunlaşıb. Hazırda yol hərəkətinin təşkili üçün zəruri olan
çatışmayan yol nişanlarının quraşdırılması və səkilərdə tamamlanma
işləri davam edir. Piyada təhlükəsizliyi məqsədilə sarı döyünən
işıqlar quraşdırılır.
Küçədə 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil edilib.
Xüsusi qabarıq formalı piyada keçidləri ümumi hərəkətin
təhlükəsizliyi baxımından əhəmiyyətlidir. İdeal səviyyəyə gətirilən
bu küçə boyunca piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkəti
tam təmin edilib.
Yaşayış binalarından başqa, 1 xəstəxana, 1 kollec və 1 bağçanın
da yerləşdiyi bu küçədə nəqliyyat tələbatı nəzərə alınmaqla, 138
avtomobil üçün parklanma yeri təşkil edilib.
Parklanma yerlərində əlilliyi olan şəxslər üçün də yerlər
ayrılıb. Gələcəkdə bu küçədə parklanmanın idarə edilməsində müasir
texnologiyalar tətbiq ediləcək. Küçə boyunca taksi duracaqları da
yaradılıb.
Məlumat üçün qeyd edək ki, Bəsti Bağırova küçəsinin əvvəlki
vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin
davamsızlığı və ümumilikdə, yol infrastrukturunun vəziyyəti ərazini
sürücülər və piyadalar üçün keçilməz edirdi.
Yenidənqurma işləri 3 ay davam edib. İlkin mərhələdə
kommunikasiya işləri görülüb ki, bu da işə əsaslı yanaşmanın
təzahürüdür.
Bu küçənin müasir tələblərə və yüksək standartlara
uyğunlaşdırılması prosesi bitdikdən sonra həm sürücülər, həm də
piyadaların layihədən məmnun qalacağından əminik.