“Beşiktaş”ın oyunundan sonra dava: Polisə hücum – Foto

“Beşiktaş”ın oyunundan sonra dava: Polisə hücum – Foto

“Ankaragücü”- “Beşiktaş” oyunundan sonra azarkeşlər arasında insident yaşanıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, qarşılaşmadan sonra azarkeşlər “Əryaman” stadionuna zərər vurub, üstəlik polisə də hücum ediblər.

Əvvəlcə “Ankaragücü”nün tərəfdarları “Beşiktaş” azarkeşlərinin yer aldığı tribunalara tərəf yad əşyalar atıb.

Daha sonra “Beşiktaş” fanatları oturacaqları sındıraraq meydan sahiblərinin azarkeşlərinin üstünə atmağa çalışıblar. Stadionu tərk etməyi gözləyən beşiktaşlılar ardından yan tribunalarda “Ankaragücü”nə məxsus pankartları sökərək yandırıblar. Nəticədə yanğınsöndürənlər müdaxilə etmək məcburiyyətində qalıb və yanan oturacaqları söndürüblər.

Bundan başqa “ağ-qara”lı azarkeşlər oturacaqlarla yanaşı stadionun tualetlərinə də ziyan vurublar. Nəticədə sakitləşməyən “Beşiktaş” azarkeşləri polisin geniş təhlükəsizlik tədbirləri və nəzarəti altında stadionu tərk edib.

Qonaqlardan fərqli olaraq “Ankaragücü” azarkeşləri polisə də hücum edib. Azarkeşlərin atdığı daşlardan xəsarət alan olmasa da, polisə aid olan nəqliyyat vasitələrinin şüşələri sındırılıb.

Qeyd edək ki, Superliqanın 14-cü turu çərçivəsində baş tutan “Ankaragücü” – “Beşiktaş” matçı 1:1 hesabı ilə yekunlaşıb.

Teqlər: