Beş gündə saxta sənədlərlə sərhədi keçmək istəyən 10 nəfər saxlanılıb (FOTO)

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti tərəfindən dövlət
sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin
təşkil edilməsi, qanunsuz miqrasiya ilə mübarizə sahəsində
fəaliyyətlər davam etdirilir.

DSX-dən AzerTimes-a verilən
məlumata görə, yalnız son 5 gün ərzində Heydər Əliyev Beynəlxalq
Aeroportunda DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində
6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının
saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı
alınmışdır.

Mart ayının 11-də “İzmir-Bakı” reysi ilə ölkəmizə gələn 2 nəfər
İran vətəndaşı 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və
1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim
etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi
şübhə doğurduğundan, əsaslı yoxlama zamanı pasportların
saxtalaşdırılması müəyyən edilmişdir.

12 mart tarixində Türkiyə vətəndaşı 2000-ci il təvəllüdlü
Demirkıran Çekdar “İzmir-Bakı” reysi ilə qanuni sənədlərlə
Azərbaycan Respublikasına gəlib tranzitlə “Bakı-London”
istiqamətində uçub gedərkən Türkiyə Respublikasının pasportu ilə
yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması
aşkarlanmışdır.

Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran
vətən­daşı 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə
təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə
doğurmuş, səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun
saxtalaşdırılması müəyyən­ləşdirilmişdir.

Martın 14-də “Doha-Bakı” reysi ilə ölkəmizə gələn 5 nəfər əslən
Yəmən vətəndaşları- 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali,
1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali,
2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il
təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al
Baiti Rawan Ahmed Hasanın Malaziya pasport­larının
saxtalaşdırılması aşkarlan­mışdır.

Martın 15-də “Bakı-İstanbul-Nyu-York” reysinin rəsmiləşdirilməsi
zamanı Azərbaycan Respublikasının vətən­daşı 1998-ci il təvəllüdlü
Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırılmış olması
müəyyən­ləşdirilmişdir. Saxlanılmış şəxslər barəsində müvafiq
tədbirlər görülmüşdür.

Teqlər: