Bərpa olunan enerji layihələri üzrə ilk hərracın keçirilməsi üçün ərazi seçilməsi işlərinə başlanılıb

Bərpa olunan enerji layihələri üzrə ilk hərracın keçirilməsi
üçün ərazi seçilməsi işlərinə başlanılıb.

Energetika Nazirliyindən AzerTimes-ın sorğusuna cavab olaraq
bildirilib ki, son dövrlər bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində zəruri tədbirlər atılmış və görülən işlərin nəticəsi
olaraq ötən il “Elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu
qəbul edilib.

“Qanuna əsasən ölkəmizdə bərpa olunan enerji layihələrinin daha
səmərəli və rəqabətli mühitdə həyata keçirilməsi məqsədilə hərrac
qaydasında və həmçinin layihənin strateji əhəmiyyətindən asılı
olaraq birbaşa cəlbetmə yolu ilə icrası nəzərdə tutulub. Qanunla
nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası çərçivəsində “Bərpa
olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi
istehsalçısının seçilməsi Qaydası”nın layihəsi hazırlanıb və
hal-hazırda müvafiq dövlət qurumları ilə razılaşdırma
mərhələsindədir. Sözügedən sənədin təsdiq olunmasından sonra bərpa
olunan enerji layihələri üzrə hərracların təşkili prosesinə
başlanılacaq. Hərracların keçirilməsi zamanı əsasən külək və günəş
enerjisi üzrə layihələrə üstünlük verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, Avropa Yenidənqurma və İnkişaf Bankı
(AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının
keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə
çərçivəsində hərrac qaydaları, hərraclar üçün şərtlər toplusu,
həmçinin elektrik enerjisinin satınalma müqavilələrinin
hazırlanması nəzərdə tutulub. Bu məqsədlə məsləhətçi şirkətin
dəstəyi ilə İxtisas Uyğunluğunun Müəyyənləşdirilməsi Sorğusu (İUMS)
və Təkliflər Sorğusu (TS) sənədlərinin layihəsi hazırlanıb və
hal-hazırda təkmilləşdirilməsi üzrə zəruri addımlar atılmaqdadır.
Bununla yanaşı qeyd etmək istərdik ki, ilk hərracın keçirilməsi
üçün layihə ərazisinin seçilməsi prosesinə uyğun olaraq hazırlıq
işlərinə də başlanılıb”, – Nazirlik qeyd edib.

Teqlər: