Bərdədə narkotik təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Bərdə rayonunda narkotik vasitənin təsiri altında ictimai nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Bərdə rayonu ərazisində şəhərdaxili sərnişindaşıma ilə məşğul olan “Mersedes” markalı mikroavtobusun sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsinin sürücüsü Elbir Məhərrəmovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitədən istifadə etdiyi məlum olub.

E.Məhərrəmov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, bir ay müddətinə inzibati qaydada həbs edilib.

Teqlər: