İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Bildirilib ki, seçkilərə bir neçə gün qalmış 10 ildən sonra İsrail müdafiə naziri ilk dəfə Türkiyəyə səfər edib. Onun türkiyəli həmkarı Hulusi Akarla görüşəcəyi və Ankarada fəxri qarovul dəstəsi ilə qarşılanacağı gözlənilir.
Adı açıqlanmayan yüksək səviyyəli təhlükəsizlik rəsmisi deyib ki, bu, rəsmilər arasında etimadın yaradılmasına yönələcək tarixi səfərdir.
Onun sözlərinə görə, hər iki ölkənin münasibətlərin bərpasında öz maraqları var, İsrail isə regionda, xüsusən də İranla bağlı daha güclü strateji oyunçu olmağa ümid edir. Türkiyə isə Suriya da daxil olmaqla, regionda əsas oyunçu hesab olunur.
Mənbənin sözlərinə görə, İranın Suriyada iştirakı Qantz və Akarın müzakirə edəcəyi məsələlərdən biri olacaq.