Bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmin olunmaması hansı prpblemlər yaradır?

“Azərbaycanda bələdiyyə institutu çətin bir şəraitdə qurulub və
fəaliyyətində uğurlu tərəfləri ilə yanaşı, uğursuz tərəflər də
mövcuddur. Bu uğursuzluqların aradan qaldırılması üçün müəyyən
zamana ehtiyac var.”

Milli Məclisin deputatı Könül Nurullayeva Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik
məruzəsilə bağlı fikirlərini bölüşərkən belə deyib.

Bildirib ki, Bələdiyyə fəaliyyətinin səmərəsi, ümumiyyətlə,
vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi üçün çox güclü,
dayanıqlı maliyyə və iqtisadi potensialı, gəlir mənbələri
olmalıdır. Deputat bələdiyyə sahəsindəki bəzi problemlərə də
toxunub: “Bu problemlər həll olunmadığı təqdirdə, biz
bələdiyyələrin hər hansı inkişafından və fəaliyyətinin səmərəsinin
artırılmasından danışa bilmərik. Bələdiyyə vergilərinin ödənilməsi
müəyyən qaydada Vergi Məcəlləsi ilə tənzimlənir. Ancaq bələdiyyə
ödənişlərini ödəməyənlərə qarşı təsir mexanizminin olmaması
bələdiyyələrin maliyyəsinə ciddi şəkildə ziyan vurur. Buna görə də
bələdiyyə ödənişlərinin ödənilməsini təmin etməyə yönəlmiş mexanizm
müəyyənləşdirilməli və tətbiq olunmalıdır”.

K.Nurullayeva bəzi bələdiyyələr tərəfindən tədiyyə
bildirişlərinin və yaranmış borclar haqqında xəbərdarlıqların
ödəyicilərə “sms” vasitəsilə göndərilməsini müsbət hal kimi
dəyərləndirib. Qeyd edib ki, bütün bələdiyyələrin də bu iş
üsulundan istifadə etməsi məqsədəuyğun olardı. “Bələdiyyələrin
fəaliyyətinin canlandırılması, nöqsanların qarşısının alınmasının
ilk növbədə bələdiyyə üzvlərinin və daha çox bələdiyyə sədrlərinin
məsuliyyətindən asılıdır” deyən millət vəkili hesab edir ki, bəzi
bələdiyyə sədrlərinin cəza alması, məhkəmələr qarşısında cavab
verməsi də məhz məsuliyyətsizlikdən, bələdiyyələrdə aşkarlıq və
hesabatlılığın təmin olunmamasından irəli gəlir: “Hesabatdan da
görünür ki, Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq onlara
korrupsiyaya qarşı təlimlər keçirilməsinə, habelə maarifləndirici
materialların hazırlanmasına baxmayaraq, bəzi vəzifəli şəxslər yenə
də bu növ cinayətləri törətməkdən çəkinmirlər. Fikrimcə, bu sahədə
maarifləndirmə daha da artırılmalıdır.”

Könül Nurullayeva bələdiyyə sahəsində Türkiyə təcrübəsini
xatırladıb. Bildirib ki, yerli özünüidarəetmə sahəsində qardaş
ölkənin bələdiyyələri ilə aparılan görüşlər, təcrübə mübadiləsi
həmin bələdiyyələrin müsbət təcrübəsinin öyrənilməsində və
təbiqində mühüm rol oynayır: “Hesab edirəm ki, xarici ölkələrin
yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və təbiqi üçün belə
görüşlər və proqramlar davamlı şəkildə həyata keçirilməlidir.”

Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və metodoloji
yardım haqqında vəsaitlərin hazırlanmasını da müsbət dəyərləndirən
K.Nurullayeva maarifləndirici dəstək tədbirlərinin davam
etdirilməsini vacib hesab edir.

Teqlər: